Ramin İbrahimov: ”Karsda yer var idi yıxılıb-ölsün?”
6 saylı cəzaçəkmə müəssisəsində ölən məhkum Nurani İbrahimovla bağlı Penitensiar Xidmətin mövqeyi mərhumun yaxınlarında etiraz doğurub.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən ANS-ə verilən məlumata görə, N.İbrahimov yıxılıb və ölüb: “Bununla əlaqədar bildirilir ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nurani İbrahimov qanunla nəzərdə tutulmuş gəzinti vaxtı qəflətən özünü pis hiss edərək yerə yıxılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardıma baxmayaraq, vəfat edib. Faktla bağlı dərhal prokurorluğa məlumat verilib və araşdırma başlanılıb”.
Xidmətdən verilən açıqlamada qeyd edilib ki, mərhumun meyitinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış ilkin xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkar edilməyib, daxili müayinəsinin aparılması və ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
“Həmin müəssisədə cəza çəkən məhkum Sahib Abbasovun döyülərək öldürülməsi, digər məhkumlar Elmir Əsədovun və Tariyel Şahverdiyevin xəsarət alaraq xəstəxanaya köçürülmələri barədə yayılmış qərəzli məlumatlar uydurma olmaqla həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış fikrin formalaşmasına yönəlib”.
Mərhum Nurani İbrahimovun qardaşı Ramin İbrahimov Meydan TV-yə deyib ki, Penitensiar Xidmətin mövqeyi ilə razı deyillər:
– Nurani 4 il 2 saylı həbsxanada oldu, yıxılmadı, 6 saylı Cəzaçəkmə Müəssisəsinə getdi, orada olduğu gün yarımda yıxıldı?
– Rəsmi mövqe belədir ki, yıxılıb…
– Nurani 6 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb və karsa salınıb. Karsda nə boyda yer var ki, orada yıxılsın?!
– Məsələnin araşdırlması ilə bağlı ailənizin müraciəti olub?
– Atam müraciət edib. Axı onun yıxılması nə dərəcədə ağlasığan bir işdir? Əgər yıxılıbsa, onun belindəki qırmızı ləkə, kürəyində də qırmızı izlər nədi? Qollarında qandalın kəsdiyi izlər var. Dabanı partlayıb. Yan tərəfi qaralıb. Ayağının qabağı qırmızıdı. Bir var adi qırmızı, bir də var qançır rəngində. Necə yıxıldı? Nə boyda yer var karsda ki, yıxılsın?
– Ümumiyyətlə, qardaşınız azadlıqda olanda hər hansı tutmaları, yıxıldığı olmuşdu?
– Yox, heç vaxt olmayıb. 18 yaşında həbs etmişdilər.
–
Həbsə qədər yıxılıb hər hansı bir xəsarət aldığını xatırlayırsınız?
– Olmayıb. Heç vaxt olmayıb.
– Necə fikirləşirsiz, necə ola bilərdi ki, orada yıxılsın?
– Kars balaca bir yerdir. Oradan haradan yıxıldı ki?
-Rəsmi məlumatda karsda olduğunu yazmırlar. Siz qardaşınızın karsda olduğunu haradan bilirdiz?
– 2 saylı Cəzaçəkmə Müəssisəsində yarım gün karsda oldu. Karsdan çıxanda məhkumlar görüb ki, onlar deyib gülə-gülə “voronok”a (dustaq daşınan maşın) miniblər. O, bura gələndən sonra onu vurublar. Bu faktdır. Şəkillərə baxan adam görür ki, onu vurublar. O, nə boyda hündürlükdən yıxıldı ki, dabanı cırıldı? Həm ayağı qapqara oldu? Həm beli o günə düşdü? O, təptəzə döyülmə yara izləridir. 6 saylıda o, “zon”a çıxmayıb. Bizim oradakı dostlardan öyrənmişik ki, onların Nuraninin ora aparılmasından məlumatları olmayıb. Nə ediblərsə, karsda ediblər.
– Sizdə qardaşınıza qarşı hər hansı bir zorakılıq edən şəxslə bağlı məlumat var?
– Karsda olan adamı kim döyə bilər ki? Yaxşı, mənim qardaşım ölüb. Biz onunla bərabər 6 saylıya aparılan digər 3 nəfərlə görüşə bilərik? Qoy o 3 nəfər bizə danışsın görək ki, necə olub. Onların vəziyyətini gözlərimizlə görək.
– Siz deyirsiz ki, 2 saylıdan 6 saylı cəzaçəkmə müəssisəsinə aparılan məhkumlara qarşı zorakılıq olub?
– 6 saylıya aparılan 4 məhkumun 4-nü də döyüblər!
– Niyə döyüblər?
– 2 saylıdan 6 aylıya aparıb döyüblər. Niyəsi hələlik bilinmir.
– Səbəbi haqda hər hansı bir məlumatınız var?
– Bilinmir. Fakt odur ki, getdik, gördük ki, bədənində döyülmə izləri var. Mən qardaşımla 1 həftə əvvəl görüşmüşdüm. Ondan heç nə yox idi.
– Görüşünüz zamanı dedi ki, ona hər hansı bir təzyiq var?
– Hə, dedi ki, təzə rəis gəlib, sıxırlar. İmkan varsa, yerimizi dəyişdirin. Atam da getdi ki, rəislə görüşsün, görsün, nə olub. O da qəbul etmədi. Sonra da birdən dedilər ki, səhər sıra sayından götürüb karsa salıblar. Atam getdi, qayıdandan sonra da dedi ki, karsdadır, yəqin nəsə olub. Soruşmuşdu, heç kim də heç nə deməmişdi. Həmin gün mən də işdən çıxıb getdim ki, görüm nə məsələdir, niyə karsa salıblar? Gördüm ki, “voronok” gəlib, penitensiarın işçiləri dayanıblar. Dedilər ki, qardaşını aparırlar.
– Siz ora təsadüfən getmişdiz?
– Bilirdim ki, qardaşım karsdadır. Getdim ki, qapıdan öyrənim nə məsələdir, onu karsa niyə salıblar. Bilmirdim ki, onu harasa köçürəcəklər.