Penitensiar Xidmət: “Türkiyəli psixoloqlar Saleh Rüstəmovla görüşüb”

Saleh Rüstəmov, Foto: Meydan TV

“Ona qida qəbulundan imtinanın verə biləcək fəsadları ətraflı izah edilib”

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 34 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun müalicə tədbirlərinə cəlb olunduğunu bildirib.

Bu barədə Penitensiar Xidmət dekabrın 9-da məlumat yayıb.

Onun müalicə müəssisəsində saxlanıldığını qeyd edən Penitensiar Xidmət bildirib ki, Saleh Rüstəmovla dəfələrlə psixoloji-profilaktik, fərdi-tərbiyəvi, səhhəti ilə əlaqədar maarifləndirici-izahedici söhbətlər aparılıb:

“Məhbusa qida qəbulundan imtinanın verə biləcək fəsadları ətraflı izah edilib. Həmçinin, Saleh Rüstəmova müntəzəm olaraq hüquqi yardım göstərən vəkili və yaxın qohumları ilə görüşməsinə, telefonla danışmasına şərait yaradılıb”.

Məlumatda Ombudsman Aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutları və hüquq müdafiəçiləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ofisinin nümayəndələrinin də Saleh Rüstəmovla izahedici söhbətlər aparıldığı vurğulanıb.

“Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda, respublikada səfərdə olan türkiyəli psixoloqların Saleh Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib. Saleh Rüstəmova həmçinin dekabrın 7-də tibb üzrə elmlər doktor Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib. Məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib”,- deyə Penitensiar Xidmət bildirib.

Xatırlatma

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 34 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.

Ana səhifəSiyasətPenitensiar Xidmət: “Türkiyəli psixoloqlar Saleh Rüstəmovla görüşüb”