Penitensiar xidmət Leyla Yunus haqqında məlumat yayıb

“Fəqan Yaqubovun Leyla Yunusovaya fiziki təzyiq göstərməsi ilə bağlı ittihamlar tamamilə əsassızdır”

Source:


“Fəqan Yaqubovun Leyla Yunusovaya fiziki təzyiq göstərməsi ilə bağlı ittihamlar tamamilə əsassızdır”

Ədliyyə Nazirliyinin Penitensiar xidməti təqsirləndirilən şəxs Leyla Yunusovanın müəssisə əməkdaşlarından biri tərəfindən döyülməsi ilə bağlı vəkillərin sentyabrın 24-də yaydığı açıqlamaya cavab verib.

Penitensiar xidmətin apa-ya məlumatında xəbər tamamilə əsassız hesab edilərək bildirilib ki, həqiqəti əks etdirməyən və ictimai fikrin çaşdırılmasına yönəldilmiş bu cür xəbərlərə son qoymaq məqsədi ilə rəhbərlik aidiyyəti hüquq-mühafizə orqanlarına araşdırma aparılması barədə müraciət edib: “Bu məqsədlə təcridxananın dəhlizlərində quraşdırılmış videokameralar tərəfindən qeydə alınan görüntülər prokurorluq orqanına təqdim olunacaq. Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda qeyd olunan Penitensiar xidmətin əməkdaşı Fəqan Yaqubovun guya təqsirləndirilən şəxs Leyla Yunusovaya fiziki təzyiq göstərməsi ilə bağlı məqama gəlincə, həmin şəxsin ünvanına səsləndirilən ittihamlar tamamilə əsassızdır. Fəqan Yaqubov və eləcə də Penitensiar xidmətin digər əməkdaşları məhkum və təqsirləndirilən şəxslərlə davranış qaydalarını bilir və onlara tam riayət edirlər”.

Pentinsiar xidmətin rəsmisi Yaşar İsakov apa-ya bildirib ki, təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda həqiqəti əks etdirməyən başqa məqamlar da yer alıb: “Belə ki, bəyanatda bildirilir ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Penitensiar xidmət bildirir ki, həmin tarixdə təqsirləndirilən şəxs Leyla Yunusovanı vəkillərdən yalnız biri – Cavad Cavadov qəbul edib.

“Bəyanatda qeyd olunan digər əsassız ittihamlara – guya son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından Leyla Yunusovanın soyuq su ilə çimməli olmasına, bunun nəticəsində bərk soyuqlamasına, temperaturunun yüksəlməsinə və həkimlərin onu qəbul etməmələrinə gəlincə, Penitensiar xidmət bildirir ki, Bakı İstintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş korpusu həftədə 3 dəfə 4 saat ərzində isti su ilə təchiz edilir. Təqsirləndirilən şəxs Leyla Yunusovanın isti susuz qaldığını iddia etdiyi gün də o, qrafikə uyğun olaraq saat 10:00-dan 14:00-dək isti su ilə təmin olunub. Təqsirləndirilən şəxs Leyla Yunusovanın soyuqladığı və həkimin onu qəbul etməməsi barədə deyilən fikirlər də qərəzlidir. Penitensiar xidmət səsləndirilən ittihamlara cavab olaraq bildirir ki, 19-24 tarixləri aralığında təqsirləndirilən şəxs Leyla Yunusova dörd dəfə həkim nəzarətində olub və qeydiyyat jurnalında bunu şəxsən öz imzası ilə təsdiqləyib. Penitensiar xidmətin tibb mütəxəssisləri tərəfindən müayinə olunan Leyla Yunusovanın temperaturunun yüksəlməsi öz təsdiqini tapmayıb”- deyə Yaşar İsakov bildirib.

Açıqlamada daha sonra bildirilib ki, belə əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayılır.

Ana səhifəXəbərlərPenitensiar xidmət Leyla Yunus haqqında məlumat yayıb