Penitensiar Xidmət İlqar Məmmədovun saxlandığı yeri açıqlamır

Vəfa Məmmədova: “Mənə dedilər ki, onların məlumat verməyə ixtiyarı yoxdur”

Source:


Vəfa Məmmədova: “Mənə dedilər ki, onların məlumat verməyə ixtiyarı yoxdur”

10 gündən çoxdur ki, REAL hərəkatının lideri İlqar Məmmədovun barəsində məlumat yoxdur.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi onun barəsində hökmü qüvvədə saxlayıb. Ertəsi gün İ.Məmmədov Şəki təcridxanasına aparılıb.

“Biz İlqara görə çox narahatıq. Onunla bağlı bizə, hətta vəkillərə də məlumat verilmir. Bu, həm ailəyə, həm də İlqarın özünə mənəvi əzab verir”, – deyə İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova “Turan İA”-a bildirib.

V.Məmmədova İlqarın Şüvəlan təcridxanasında olduğunu güman edərək ötən həftə oraya gedib, lakin bağlama qəbul etməyiblər.

“Mənə dedilər ki, onların məlumat verməyə ixtiyarı yoxdur. Yalnız məhbuslar cəzaçəkmə yerləri üzrə bölüşdürüldükdən sonra onlarla görüşmək olar. Xalid Bağırova da görüş üçün icazə verilməyib”, – Vəfa Məmmədova qeyd edib.

Vəkillərin müvafiq orqanlara müraciətləri cavabsız qalıb. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, İsmayıllı hadisələri ilə bağlı mühakimə olunmuş Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu haqqında da həftə ərzində məlumat almaq mümkün olmayıb.

Ötən həftənin sonunda onun qızı Nigar Yaqublu bildirib ki, atası 13 saylı koloniyaya yerləşdirilib.

Amnesty International İ.Məmmədovu və T.Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb.

Mayın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun İsmayıllı hadisələri üzrə cinayət məsuliyyətinə cəlb olunarkən hüquqlarının pozulduğunu tanıyıb.

Ana səhifəXəbərlərPenitensiar Xidmət İlqar Məmmədovun saxlandığı yeri açıqlamır