Əfv edilənin yerinə, azadlığa adı və soyadı eyni olan başqa şəxsin çıxdığı deyilir
“Prezidentin Əfv sərəncamına adı düşən Elvin Bəxtiyar oğlu Mahmudovun yerinə başqası çıxıb azadlığa”.
Məlumatı “AzPolitika.info”ya Elvin Mahmudovun anası Bənövşə Mustafayeva verib.
“Oğlum prezidentin bu il martın 16-da imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılmalı idi. Ancaq o, hələ də həbsdədir. Əvəzinə adı və soyadı oğlumla eyni, ancaq atasının adı, təvəllüdü fərqli olan başqa bir şəxs çıxıb azadlığa”.
Ana oğlunun 2012-ci ildə böhtanla üzləşərək həbs olunduğunu deyir:
“Həmin ilin aprelində oğlumla keçmiş MTN əməkdaşı Anar Məmmədov arasında mübahisə olmuşdu. Anar Məmmədov oğlumun maşınına ziyan yetirmiş, özünə çoxsaylı zərbələr vurmağa çalışmışdı. Oğlum da özünü qorumaq məqsədilə kişik uclu bıçaqdan istifadə edərək, Anar Məmmədova xəsarət yetirmişdi. O və atası Yaqub Məmmədov əllərindəki imkanlardan istifadə edərək, istintaqın hadisəni “öldürməyə cəhd” kimi qiymətləndirməsinə nail oldular. Və 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğluma 7 il iş kəsildi”.
Bənövşə Mahmudova deyir ki, oğlu 7 illik cəzasının 5 ilini çəkib. Həbsxanada özünü nümunəvi apardığı da nəzərə alınaraq, əvf müraciətlərinə müsbət cavab verilib:
“Sevindik, ancaq bu sevinc uzun sürmədi. Oğlumun yerinə başqası çıxdı azadlığa”.
Ailə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, aidiyyatı şəxslərə müraciət edib. Hələ ki bir nəticəsinin olmadığını deyirlər: “Əvvəlcə “darıxmayın, buraxılacaq”, – dedilər. Sonradan onlardan da səs çıxmadı”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov ailənin dediklərini cəfəngiyyat adlandırıb:
“prezident.az saytından girib əfv sərəncamına baxmağımızı tövsiyə edirəm. Orada kimin əfvə düşüb, kimin düşmədiyi bir-bir yazılıb. Kimlərinsə cəfəng-cəfəng fikirlərini yaymayın. Bu, tamamilə absurddur. Biz bir məhkumun yerinə başqasını buraxa bilərikmi? Necə düşünürsünüz? Tamamilə yalandır. Siz sərəncama bir də baxın. Əfvə kim düşübsə, onu da azad etmişik”.