Məhbusların saxlanılma şəraitinin pis olması Azərbaycanda uzun illərdir ki, müzakirə olunan və insan hüquqları kontekstində aktual mövzulardan biri olaraq qalır. Həm Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində; həm də Daxili İşlər Nazirliyinin nəzarətindəki müvəqqəti saxlama yerlərində və inzibati həbs olunan şəxslərin saxlanma məkanlarında insan ləyaqətinə uyğun şərait yaradılmadığı məhbusların özləri və hüquq müdafiəçiləri tərəfindən davamlı şəkildə qeyd olunur.
Hazırda sisyasi məhbuslar saxlanılma yerinin vəziyyəti ilə bağlı intensiv bəyanatlar verir, yerli və dünya mediasının diqqətini həbsxanalardakı vəziyyətə çəkməyə çalışırlar. Onlar havasızlıqdan, insan ləyaqətini alçaldan saxlanılma şəraitindən bəhs edirlər.
Bəs yerli qanunvericilik, beynəlxalq standartlar və öhdəliklər bizə nə deyir?
Həbs yerlərində saxlanılma şəraiti: Standartlar
Həbs yerlərində saxlanılma şəraitini tənzimləyən əsas beynəlxalq hüquqi sənədlərdən biri Avropa Penitensiar Qaydalarıdır. Bu sənədlərə əsasən, məhbusların saxlanılma şəraiti insan ləyaqətinə uyğun olmalı və heç bir halda ayrı-seçkiliyə yol verilməməlidir. Hər bir məhbusun azadlıqdan məhrum edildiyi dövrdə minimum təminatlara malik olması vacib şərt kimi irəli sürülür.
Avropa Penitensiar Qaydalarına əsasən, minimum təminatlar aşağıdakılardır:
- Yaşayış sahəsi: Məhbusların yerləşdiyi kameralar onların sağlamlığına və rifahına uyğun ölçüdə olmalı, işıqlandırma, havalandırma və istilik sistemi ilə təmin edilməlidir. Sıxlıq qadağandır, kameralar daim təmiz saxlanmalıdır.
- Sanitariya şəraiti: Tualet və duş daxil olmaqla, adekvat sanitar qovşaq təmin edilməlidir.
- Şəxsi gigiyena: Məhbuslara sabun, diş fırçası və digər gigiyena vasitələri verilməli, təmiz yataq dəstləri və ləyaqətli geyimlə təmin olunmalıdır.
- Qidalanma: Gündəlik rasiona uyğun yeməklə və təmiz içməli su ilə təmin edilməlidirlər. Dietik və dini qidalanma ehtiyacları nəzərə alınmalıdır.
- İstirahət və idman: Məhbusların asudə vaxtlarını keçirmələri üçün kitabxana və mədəni proqramlar daxil olmaqla minimal şərait yaradılmalı, açıq havada idman etmələri üçün imkan verilməlidir.
- Tibbi xidmət: Məhbuslar adekvat və əlçatan tibbi yardım almalıdırlar.
Bu təminatlar həyata keçirilərkən müəyyən qrupların xüsusi ehtiyacları da nəzərə alınmalıdır. Məsələn, qadın məhbusların ginekoloji yardıma çıxışı və ya yeniyetmə məhbuslara yaşlarına uyğun yanaşma təmin olunmalıdır. Eyni zamanda, məhbusların ailələri ilə əlaqə saxlamasına, bağlama və sovqat qəbuluna da maneə yaradılmamalıdır.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu statusdan irəli gələn öhdəliklər çərçivəsində milli qanunvericiliyə ciddi dəyişikliklər edilib. Avropa Penitensiar Qaydalarında əks olunan minimum standartlar artıq ölkə qanunlarında da öz əksini tapıb. Bu, başlıca olaraq Cəzaların İcrası Məcəlləsində, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarında, eləcə də “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” Qanunda əks olunub.
Xüsusilə, həmin qanunun 15-ci maddəsinə əsasən, məhbusların pulsuz yemək, tibbi-sanitariya xidməti və maddi-məişət şəraiti ilə təmin olunmaq hüququ tanınır. Bundan əlavə, gündəlik azı iki saatlıq gəzinti, bağlama və sovqat qəbul etmək hüququ da qanunvericilikdə təsbit edilib. 20-25-ci maddələr isə qida, məişət, tibbi xidmət və sovqatla bağlı detallı tənzimləmələr təqdim edir və bu normalar Avropa standartları ilə uyğunlaşdırılıb.
Lakin qanunvericilikdə nəzərdə tutulan bu hüquq və təminatlar çox zaman yalnız kağız üzərində qalır. Reallıqda, saxlanılma şəraiti çox hallarda bu tələblərə uyğun olmur. Məhbusların elementar ehtiyaclarının ödənilməməsi, gigiyena və tibbi xidmətlə bağlı ciddi problemlər, normadan artıq kamera sıxlığı və ailə ilə ünsiyyətə süni əngəllər hələ də geniş yayılmış problemlər sırasındadır. Bu da göstərir ki, qanunların mövcudluğu hələ onların icra olunması anlamına gəlmir. Məhbusların özlərinin və ailələrinin dediklərindən belə qənaətə gəlmək olar.
Reallıq: Məhbusların narazılıqları və aradan qaldırılmayan problemlər
Məhbusların əsas problemlərindən biri adekvat sahə ilə təmin edilməməkdir. Azərbaycanda həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin ən ciddi problemlərindən biri məhbus sıxlığıdır. Bir kamerada qanunla icazə veriləndən daha çox məhbus saxlanılır. Bu isə qaçılmaz olaraq kameralarda anti-gigiyenik şərait yaradır. Havalandırma və istilik sistemi ilə əlaqədar problemlər də bu məsələni daha dözülməz hala gətirir. Havalandırma sistemi müasir tələblərə uyğun olaraq təkmilləşdirilməyib. Bu isə yay dövründə məhbusların qeyri-insani şəraitdə saxlanılması ilə nəticələnir. Xüsusilə məhbus sıxlığının olduğu kameralarda bu problem əlavə problemlər yaradır. Səhhətində problemlər olan məhbuslar üçün bu cür şərait dözülməz həddə çatır. Qış dövründə isə istilik sisteminin nasazlıqları xəstələnmə hallarının artmasına səbəb olur.
Cəzaçəkmə müəssisələrinin ən böyük problemlərindən biri bu müəssisələrin köhnə olması və qeyri-stabil hava şəraitində nəmişliyə səbəb olmasıdır. Bu cür şərait isə bir sıra məhbuslarda xronik xəstəliklərin yaranmasına zəmin yaradır. Bu cür şərait məhbus sıxlığı fonunda cəzaçəkmə müəssisələrində vərəm xəstəliyinin yayılması riskini artırır.
Penitensiar müəssisələrdə təmin edilməyən əsas hüquq qida təminatıdır. Həbs yerlərinin məhbuslara təqdim etdiyi qida rasionu keyfiyyətsizdir. Bu baxımdan məhbusların mütləq əksəriyyəti penitensiar müəssisənin verdiyi qida rasionundan istifadə etmir. Bunun əvəzinə onlar ailələrinin və yaxınlarının göndərdiyi yemək sovqatlarından istifadə edirlər. Belə vəziyyət isə onsuz da maddi vəziyyəti ağır olan məhbus ailələri üçün əlavə yükə çevrilir. Bu baxımdan penitensiar müəssisələrdə qida təminatı ümumiyyətlə Avropa Penitensiar Qaydaları ilə uzlaşmır. Qeyd edək ki, bir sıra tanınmış siyasi məhbuslar həbs yerlərində qida təminatının bərbad vəziyyətdə olması ilə bəyanatlar veriblər.
14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan əcnəbi vətəndaşlardan birinin yaxını Meydan TV-yə müraciət edərək bildirib ki, yaxın qohumu ağır olmayan cinayətə görə azadlıqdan məhrum edilib və hazırda Azərbaycanda cəza çəkir. Onun sözlərinə görə, təkcə bu məhkum deyil, eyni müəssisədə bənzər cinayətlərə görə cəza çəkən digər əcnəbi vətəndaşlar da elementar gigiyenik vasitələr- məsələn, sabun kimi gündəlik zəruri əşyalarla təmin olunmurlar. Ailə üzvlərindən maddi dəstək ala bilmədikləri üçün onların qidalanmasında ciddi şəkildə problemlər olur.

Meydan TV bir neçə vəkildən məsələyə dair mövqe alıb. Vəkillərin sözlərinə görə, məhbusların əksəriyyəti qanunvericilikdə nəzərdə tutulan təminatlardan xəbərdar deyillər. Yalnız vəkilləri olan məhbuslar təminatlardan xəbərdar olurlar və bununla bağlı məsələləri qaldıra bilirlər. Vəkillər bildirir ki, saxlanılma şəraitinin problemləri əsasən yay və qış fəsillərində özünü büruzə verir. Qış dövründə isti su problemləri yaranır. Suyu məhbusların özləri qızdırmalı olurlar. Üstəlik qışda kameralar çox soyuq olur. Yay fəslində isə havalandırma ciddi problem olaraq qalır. Xüsusilə Bakı İstintaq Təcridxanasında məhbusların gəzintisi üçün şərait yoxdur. Həmin Təcridxanada açıq havada gəzinti üçün sahə yoxdur. Gəzinti sahəsi qapalı yerdədir və lazımi hava qəbuluna imkan vermir. Tibbi təminat yetərli deyil. Tibbi sahənin təmiz olub-olunmaması ilə bağlı ciddi suallar var (xüsusilə stamotoloji tibbi yardımla bağlı). Məhbusların asudə vaxtının və idmana çıxışının təşkili ilə bağlı məsələlər isə həbs yerlərinin müdiriyyəti tərəfindən yerinə yetirilmir. Bu məsələlərlə bağlı tələblərə müdiriyyət qısa imtinalar verir.
Bütün bu deyilənlər saxlanılma şəraitinin standartlara uyğun olmadığı qənaətini formalaşdırır.
Şəxsi gigiyena məhsullarının çatımlığı da problemlərdən biridir. Penitensiar müəssisələr bu məhsulları adekvat qaydada təmin etmirlər. Bu da öz növbəsində məhbusların yenə öz ailələrindən asılı hala düşməsinə səbəb olur. Ailəsinin maddi vəziyyəti ağır olan məhbuslar bu hallarda anti-gigiyenik risk altında cəzalarını çəkmək məcburiyyətində qalırlar. Gigiyenik məhsulların təmin olunmamasına görə ən çox əziyyət çəkənlər isə qadın məhbuslardır.
Duş və tualet təminatının adekvat olmaması da əsas problemlərdən biridir. Bir sıra məhbuslar isti suyun fasilələrlə verilməsi məsələləri ilə bağlı öz narazılıqlarını dəfələrlə ifadə ediblər.
Keçmiş siyasi məhbus, jurnalist Xədicə İsmayıl ötən il BBC-yə verdiyi video müsahibədə belə ifadə edir:

“ İnsanı ilk basan anti-sanitariya olur, amma başa düşürsən ki, yaxın illər ərzində bu sənin yol yoldaşındır və orada sanitariya ilə bağlı standartlarını unutmağa çalışırsan. Fiziki baxımdan ən ciddi problem anti-sanitariyadır”.
Keçmiş siyasi məhbuslar – Fuad Əhmədli və Əfqan Muxtarlı Meydan TV-yə verdikləri müsahibələrdə deyirlər ki, saxlanılma yerlərinin ən böyük problemi anti-sanitariyadır. Onlar suyun həftədə bir dəfə verildiyi, onsuz da kameralarda sıxlıq yaşayan insanların su ilə bağlı daha çətin vəziyyətə məruz qaldıqlarını vurğulayırlar:
Fuad Əhmədli deyir ki, 8 nəfərlik kamerada 14 nəfəri saxlaya bilirlər və o qədər insanın çimmək üçün sadəcə həftədə bir dəfə 3 saat vaxtı olur:

“Təsəvvür edin, 8 məhkum üçün nəzərdə tutulan otaqda 14 məhkum növbəli yatırdı, yerdə yatmalı olurdu. İndi bu məhkumların bir də çimmək üçün 3 saat vaxtı olanda, çatdırmaq müşkülə dönürdü. Sonradan istifadə etməyə su yığmaq üçün də gərək məhkumlar çimməyi çatdıra bilərdilər, bu isə mümkün olmurdu. İçməyə suyu isə pulu olan məhbuslar 20 litrlik su bidonları alaraq təmin edirdilər. Kürdəxanının suyu ilə diş yuduqda kükürdlü suya görə diş tökülməsi, damaq problemləri yaşanırdı. Namaz qılan adamlar üçün bu çox ciddi əziyyət olurdu. Çünki onların ritualları gərəyi dəstəmaz almaqları üçün su problemləri var idi. Bu da etiqat azadlığının pozulması demək idi”.
Əhmədli deyir ki, döşəmədə çox iri deşiklər olurdu və bu da siçanlar, iri böcəklərlə birlikdə yaşamaq məcburiyyəti yaradırdı.
“Döşəmədə deşik var idi, siçanlar rahat girib-çıxırdı, peçenye verirdilər. Artıq məhbuslar onları peçenye və yemək qırıntıları ilə yemləməyə başlamışdılar, bir növ ev heyvanlarına çevrilmişdilər”, – deyə Əhmədli qeyd edir.

Əfqan Muxtarlı deyir ki, gördüyü ən dəhşətli anti-sanitariya vəziyyəti Şüvəlandakı istintaq təcridxanası olub. O bildirir ki, hətta orada tualetlər yarıya qədər tikildiyi üçün, bir məhbusun tualetdən istifadə etməsi, digəri üçün dözülməz olurdu. Ümumilikdə isə saxlanılma şəraiti standartlara uyğun tikilməyib:
“Deyirdilər ki, Şüvəlandakı təcridxana əvvəl at tövləsi olub. 8 nəfərlik kamerada 40-dan çox adam saxlanılırdı. Saxlanıldığım bütün yerlərdə havalandırma və su problemi olub”.
Saxlanılma yerlərində korrupsiya
F. Əhmədli deyir ki, korrupsiya saxlanılma yerlərində olduqca geniş yayılıb. Məhkumlardan pul ala bilmək üçün onları çətin şərtlərlə üz-üzə qoyurlar. O deyir ki, evdən gələn sovqatları ümumi hissədə saxlamaq mümkün deyildi, çünki orada siçanlar icma qurmuşdular və ora qoyulan qidanı təkrar istifadə etmək mümkün deyildi:
“Şkaf və soyuducu üçün pul ödəmək tələb olunurdu. Ancaq o halda sənin qidalarını saxlamaq üçün şansın olurdu”.
Normal vaxtla çimmək üçün məhbuslardan 1 manat pul tələb etdiklərini deyən Əhmədli bildirir ki, digər korrupsiya elementi saç qırxılması idi:
“ Saçlarını qırxdırmayan məhbusların saçlarını 0-la, ala-bula vəziyyətdə qırxırdılar. Bunu ona görə edirdilər ki, məhbuslar pul ödəyib saçlarını qırxdırsınlar. Pulu olmayan məhbusları isə 400 nəfərə düşən 1 saç maşını gözləyirdi. Bu da xəstəliyə yoluxmanı, bitlənməni artırırdı”, – deyə o əlavə edib.
Beynəlxalq monitorinqin dayanması
Azərbaycanda penitensiar müəssisələrin saxlanılma şəraitinin monitorinqini həyata keçirən əsas beynəlxalq təşkilatlardan biri Avropa Şurasının İşgəncələrin Qarşısının Alınmasına dair Komitədir (İQAK).
İQAK Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər çərçivəsində dövri ya da növbədənkənar birdəfərlik araşdırma səfərləri etməklə həbs yerlərinin monitorinqini həyata keçirir. İndiyə qədər İQAK Azərbaycana 13 səfər həyata keçirib və bu araşdırma missiyaları ilə bağlı 12 hesabat dərc edib.
Lakin artıq 1 ildir ki, İQAK Azərbaycana səfər həyata keçirə bilmir. Bunun səbəbi Avropa Şurası ilə Azərbaycan hökumətinin münasibətlərinin kəskinləşməsidir. Azərbaycan parlamentar nümayəndə heyətinin Avropa Şurası Parlament Assembleyasında mandatının dondurulmasından sonra Azərbaycan hökuməti Avropa Şurasının müxtəlif qurumları ilə əməkdaşlığını dayandırdı. Bu qurumlardan biri də İQAK oldu.
2024-cü ilin iyulunda İQAK ictimai bəyanat verərək Azərbaycan hökumətinin qurumla əməkdaşlığı dayandırmasını tənqid edib. Bununla da artıq 1 ildən çoxdur ki, Azərbaycanda həbs yerləri Avropa Şurasının monitorinqindən kənarda qalıb.
Bu müddətdə məhbusların saxlanılma şəraiti ilə bağlı narazılıqlar artmaqdadır.
Nəticə olaraq, Azərbaycanda məhbusların saxlanılma şəraiti ilə bağlı problemlər xronik səviyyədədir. İllərdir həm məhbuslar, həm də insan hüquqları təşkilatları bu məsələləri qaldırırlar. Lakin Penitensiar Xidmət bu problemləri aradan qaldırmır. Bunu da əlavə edək ki, daha yaxşı saxlanılma şəraiti ilə təmin olunmaq istəyən məhbuslar korrupsiyaya cəlb olunurlar. Onlar penitensiar müəssisələrinin əməkdaşlarına rüşvət verməklə daha yaxşı kameralarda qala bilirlər, lazımi qida və s. təminatlara çıxış əldə edirlər. Bu cür hallar isə məhbuslar arasında ayrı-seçkiliyə səbəb olur.
İndiyə qədər Azərbaycan hökuməti İQAK-ın verdiyi tövsiyələr əsasında həbs yerləri ilə bağlı bəzi təkmilləşdirmələr həyata keçirib və müəssisələr modernizasiya edilib. Lakin hazırda İQAK-la əməkdaşlığın dayanması onsuz da mövcud olan daha ağır vəziyyəti kəskinləşdirir. İQAK-ın monitorinqinin aradan qalxması penitensiar müəssisələrdə saxlanılma şəraitinin pisləşməsinə və korrupsiya hallarına artmasına səbəb olacaq.