Cəbrayılın Mahmudlu kəndindən məcburi köçkün düşən Yasif Vəliyev 23 ilə yaxındır ki, həyat yoldaşı və iki övladı ilə pəncərəsiz zirzəminin dar küncündə otaq düzəldib yaşayır. Yerləşdikləri yataqxana Bakının mərkəzi hissələrindən birində – Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsindədir. Neft Akademiyasına məxsus köhnə yataqxananın zirzəmisindəki bu günəş düşməyən otaqda yaşayan hər iki valideyn xəstəlikdən əziyyət çəkir.
41 yaşlı Yasif Vəliyevə göbək yırtığı diaqnozu qoyulub. O, cərrahiyyə əməliyyatı olunmalıdır. Ancaq Yasif Vəliyev buna imkanının olmadığını bildirir. Həyat yoldaşının da belində ciddi problem olduğunu deyən Yasif Vəliyev Qarabağ müharibəsi iştirakçısıdır.
Yataqxananın zirzəmisində onlarla ailə məskunlaşıb və sadəcə bir girişi var. Pəncərəsi olmayan zirzəmidə uzun illərdir yaşayan məcburi köçkünlərin əksəriyyəti müəyyən xəstəliklə mübarizə aparır. Sakinlər deyir ki, müxtəlif qurunlardan dəfələrlə onları yoxlamağa gəlib, kömək edəcəklərinə söz veriblər. Ancaq sonradan heç bir nəticəsi olmayıb.