Pəncərədən atılaraq ölən qadının görüntülərini yaymış şəxs həbs edilib

Foto: Meydan.TV

Xəqani Hüseynovun işinə Suraxanı Rayon Məhkəməsində baxılıb

Xırdalanda bir həftə əvvəl yaşadığı mənzilin pəncərəsindən atılaraq həyatını itirmiş Ayşən Kazımovanın hadisədən əvvəl çəkilmiş videogörüntüsünü yaymaqda ittiham edilən şəxs həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Prokurorluğun məlumatında bildirilir ki, Xəqani Hüseynov “Telegram”da “Xaqocan” adı ilə qeydiyyatdan keçdiyi kanalda Ayşən Kazımovanın şəxsi və ailə sirrini açıqlayan görüntüləri yayıb. Sözügedən videoda həm də zorakılıq təbliğ olunur ki, belə görüntülərin yayılması qanunla qadağandır.

Xəqani Hüseynov qadağan edilən məlumatları yaymaqda ittiham olunaraq, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində onunla bağlı araşdırma başlayıb.

Araşdırmaların yekununda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsi və ya bunun qarşısının alınmaması) maddəsilə icraat başlayıb. Məhkəmə də bunun əsasında onun haqqında 10 sutkalıq inzibati həbs qərarı çıxarıb.

Xəqani Hüseynovun işinə iyulun 30-da Suraxanı Rayon Məhkəməsində baxılıb.

“Axşam saat 18.00 radələrində hakim Namiq Kərimov bu işə baxıb qərar verdi. Məhkəmədə şəxsin özü də iştirak edirdi”, – məhkəmədən Meydan TV-yə bildirilib.

22 yaşlı Ayşən Kazımovanın ölümünə görə onun həyat yoldaşı Hüseyn Kazımov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) ittihamı irəli sürülüb. Hüseyn Kazımov həyat yoldaşını yaşadıqları mənzilin pəncərəsindən ataraq öldürməkdə ittiham edilir. Bu cinayət işi üzrə istintaq Abşeron Rayon Prokurorluğunda gedir.

Hadisədən sonra sosial şəbəkələrdə və bir sıra saytlarda Ayşən Kazımovanın ölümündən əvvəl çəkilmiş videosu yayılmışdı. Həmin videoda o, xəyanəti etiraf edir. Görüntülərə diqqət yetirdikdə onun zorakılığa məruz qaldığı və bu fikirləri deməyə məcbur edildiyi hiss olunur.

Ana səhifəSosialPəncərədən atılaraq ölən qadının görüntülərini yaymış şəxs həbs edilib