“Pəncərə” adlı sənədli filmi oxşar taleli üç qadının həyatından bəhs edir. Onlar Azərbaycanın müxtəlif bölgələrində yaşayırlar. Təhsil hər üçünün həyatından yan keçib. Arzularını rəfə qaldırıb, pəncərə arxasında qalıblar. Qəhrəmanların ömürlərinə bahar heç qonaq gəlməyib. İşartıları görünsə də, yerini tez qışın qəddarlığına verib.
Qubanın Xınalıq kəndində 19 yaşlı Fədayə oxumaq xəyalıyla yaşarkən, 3 uşaq anası Pərvanə Bakıda həyatını yenidən qazanmağa çalışır. O, övladlarını tək böyütmək məcburiyyətindədir. Təhsili, peşəsi olmadığından çarəni dilənməkdə görür, dövlət qurumlarından mədət umur. Ömrünün yarıdan çoxunu geridə qoyan Bəsti Süleymanova isə Daşkəsənin Xoşbulaq kəndində bacısı ilə yaşayır. Ürəyində bir nisgil qalıb. Həyatını doya-doya yaşaya bilməyib.
Film bullinqə məruz qalaraq intihar edən Elina Hacıyevaya ithaf olunur.