Pənah Hüseyn: ”Yaqub Eyyubovun mükafatlandırılması təsadüfi sayıla bilməz”

”Bu təltif müəyyən bir münasibətin ifadəsidir”

Source:
Yaqub Eyyubov
Yaqub Eyyubov


”Bu təltif müəyyən bir münasibətin ifadəsidir”

Martın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kremldə dövlət təltiflərini təqdim edib. Təltif olunanlar arasında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da var.

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə “Dostluq” ordeni ilə təltif edilib.

Yaqub Eyyubov
Yaqub Eyyubov

Y.Eyyubov bildirib ki, Rusiyanın bu yüksək dövlət təltifini almaq onun üçün böyük şərəfdir.

O deyib: “Qəlbim bütün Rusiyaya və bütün Rusiya xalqına səmimi təşəkkür sözləri ilə doludur. Mən bu yüksək mükafatı şəxsən Sizin həm Azərbaycan xalqına, həm də mənim ölkəmə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə münasibətiniz kimi qiymətləndirirəm. Məndən ötrü bu, çox əziz və qiymətli təltifdir, çünki onu mənə Rusiya xalqının ləyaqətli oğlu, müasir dövrün görkəmli siyasətçisi, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin təqdim edib. Cənab Prezident, Sizə bir daha minnətdarlığımı və təşəkkürümü bildirirəm, Rusiya xalqına və bütün Rusiyaya əmin-amanlıq və firavanlıq, şəxsən Sizə isə, cənab Prezident, möhkəm cansağlığı, yeni uğurlar, siyasətdə uzunömürlülük arzulayıram”.

Y.Eyyubov bir müddət əvvəl də Rusiyanın bir sıra təltiflərilə mükafatlandırılıb. Ancaq nə Heydər Əliyevin, nə Elçibəyin, nə də Ayaz Mütəllibovun hakimiyyəti zamanı bu cür təltifnamələr olmamışdı. Bu baxımdan martın 10-da verilən mükafatdan sonra Kremlin onu baş nazir görmək istəməsi barədə mediada və sosial şəbəkələrdə fikirlər səsləndi.

Bu barədə Meydan TV-nin suallarını cavablandıran Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn bildirib ki, ordenlər iki ölkə münasibətlərində göstərilən xidmətlərə görə verilir: “Əlbəttə, müəyyən ölkənin xarici siyasət kursunda, iqtisadi-mədəni əlaqələrdə bu məmurların Rusiyanın siyasi hakimiyyətilə münasibətləri və mövqeləri nəzərə alınır. Prinsip etibarı ilə başqa bir dövlətin qonşu ölkənin məmurlarını təltif etmək praktikası mövcuddur, əgər müharibə vəziyyəti yoxdursa. Amma regionda Rusiya kimi güclü təsir imkanları və bölgəni özünün təsir dairəsində sayan dövlətin təltifində siyasi və geosiyasi məqamlar var. Bu mənada Eyyubovun mükafatlandırılması təsadüfi sayıla bilməz. Mən bu fikirdə deyiləm ki, Rusiya kimisə təltifləndirirsə, həmin məmur bu və ya digər şəkildə Azərbaycanın maraqlarına qarşı addım atıb. Belə bir bərabərlik işarəsini qoymaq olmaz. Ancaq bu təltif müəyyən bir münasibətin ifadəsidir. Səhv etmirəmsə, bu, Yaqub Eyyubovun birinci mükafatı deyil. Ancaq hansısa məmurun baş nazir təyin olunması gündəmə gələrsə, bu amil müsbət, hətta mənfi baxımdan rol oynaya bilər. Bu siyasi situasiyadan, dövlətlərarası münasibətdən asılıdır. Nəhayət, Azərbaycanda bu cür təyinat dövlət başçısından asılıdır. Bütün hallarda Eyyubovun mükafatlandırılmasını əhəmiyyətsiz hesab etmirəm, amma həlledici də saymıram”.

Pənah Hüseyn

Pənah Hüseyn deyib ki, Yaqub Eyyubov baş nazirin birinci müavinidir və o, bir neçə dəfə hökumətin hesabatını Milli Məclisə təqdim edib: “Düzdür, səlahiyyəti az olsa da, gündəmdə baş nazir təyinatıyla bağlı ajiotaj var. Hakimiyyət təmsilçiləri etiraf etməsə də, hakimiyyətdə müəyyən regional qruplar var. Hətta qruplararası bölgünü siyasi meyllərə görə də aparmaq olar. Hazırki iqtisadi böhran, 2018-ci il seçkilərinin yaxınlaşması, geosiyasi gərginlik dövründə baş nazir təyinatı əhəmiyyətsiz məsələ deyil. İndiki prezidentin növbəti seçkilərdə iştirakı imperativ hal kimi nəzərdə tutulur. Çünki bundan sonra baş nazirin kimin olması gələcək təminatlardan biridir. Amma bu, o demək deyil ki, gələcək baş nazir sonra prezident olacaq. Sadəcə, kimin qalması, yaxud getməsində rol oynaya bilər. Ajiotajı da bununla bağlayıram”.

Ana səhifəXəbərlərPənah Hüseyn: ”Yaqub Eyyubovun mükafatlandırılması təsadüfi sayıla bilməz”