Dunya Miyatoviç: Günəş yenidən doğdu! Xədicə azadlıqda!
AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılovın şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması haqqında qərarını alqışlayıb.
“Jurnalist Avropa Şurasının çoxdanki tərəfdaşı və ölkəsində fəal hüquq müdafiəçisidir. Bu gün onun azad edilməsi, habelə bu yaxınlarda məşhur hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsi mənim Azərbaycanın dönüş nöqtəsi yaşadığından əminliyimi artırır və mən ölkəni bu müsbət yolda irəliləməkdə davam etməyə çağırıram”, deyə bəyanatda bildirilir.
İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks də jurnalist Xədicə İsmayılın azad edilməsini alqışlayır. O, öz tvitter mikrobloqunda yazır: “Şadam ki, araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl nəhayət ki, onun həbs müddətini azaldan Azərbaycan Ali Məhkəməsinin qərarından sonra azadlıqdadır.
Xədicə İsmayıl ədalətsiz olaraq həbs olunmuşdu və o, çoxdan azad edilməli idi. Mən Azərbaycan hakimiyyətini onun məhdudiyyətsiz olaraq öz fəaliyyətini davam etdirməsini təmin etməyə və öz baxışlarını ifadə etdiklərinə görə həbs olunmuş bütün digər şəxsləri azad etməyə çağırıram”.
Öz növbəsində, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç qısa və emosional şərh verib: “Günəş yenidən doğdu! Xədicə azadlıqda! Ümid edirəm ki, ona qarşı bütün ittihamlar ləğv olunacaq”.
Turan İA