Pedaqoji işçilər Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər

Sumqayıt şəhər 11 saylı orta məktəbin 23 nəfər müəllim köməkçisi Təhsil Nazirliyinin qarşısında aksiya keçirib. Aksiya iştirakçıları inklüziv təhsil layihəsində işlədiklərini və sentyabrdan işdən azad olunduqlarını bildiriblər.”Bizə bildirirlər ki, 2009-cu ildən sizin layihəniz başa çatıb. Ancaq biz 2016-cı ilə qədər işləmişik. Bizə bildirirlər ki, 2005-ci ildə 3 nəfər, 2007-ci ildə 2 nəfər olmaq şərti ilə 5 nəfər layihəyə cəlb olunmalı idi. Lakin siz illər uzunu qeyri-qanuni artırılmısınız”- deyir keçmiş müəllim köməkçisi Təranə Nəsirova .

Digər keçmiş işçi Aybəniz Mirzəyeva bildirir ki, onlarla müddətsiz əmək müqaviləsi imzalanıb. Təhsil Nazirliyi indi çalışır ki, həmin müqaviləni müddətsiz etsin. O sual edir ki, müddətsiz işə götürülən işçini Təhsil Nazirliyi necə işdən azad edə bilər?!

Pedaqoji işçilər deyiblər ki, onlara işdən azad olunmaqla bağlı əmrləri də verilmir. İşlədikləri məktəbdə əqli və fiziki məhdudiyyətli 56 şagird təhsil alır. Uşaqlar hazırda müəllim köməkçisi olmadan təhsillərinə davam edirlər.

Əraziyə polis işçiləri cəlb olunub. Polislər etirazçıları qəbul otağına yönləndiriblər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuatın iştirakı olmadan şikayətçilərin qəbul olunacağını deyib. O, suallarımızı da cavablandırmayıb.

Şikayətçiləri nazirliyin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov qəbul edib. O bildirib ki,  Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı 2005-2009-cu illəri əhatə edib. Hazırda proqramın müddəti bitib. Buna görə də pedaqoji içilər işsiz qalıb. Eşqi Bağırov müəllim köməkçilərini müvəqqəti işlə təmin edəcəklərini deyib.

Ana səhifəVideoPedaqoji işçilər Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər