Qar örtüyünün hündürlüyü Bakıda 23, İsmayıllıda 22, Naxçıvanda 32 sm olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 31-i gündüzdən fevralın 1-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlayıb.
Departamentdən APA-ya daxil olan məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.
Eyni zamanda, qar örtüyünün hündürlüyü Bakıda 23, Maştağada 8, Zabrat, Sumqayıtda 3, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda (Qax) 69, Şəkidə 25, Kişçayda 24, İsmayıllıda 22, Qubada 18, Altıağacda 17, Qəbələdə 13, Xaltan, Zaqatalada 12, Oğuzda 11, Mərəzədə 10, Qusar, Şamaxıda 9, Balakəndə 7, Lənkəran-Astara zonasında: Lerikdə 32, Rvarudda 28, Yardımlıda 19, Göytəpədə 17, Kəlvəzdə 8, Lənkəranda 6, Kiçik Qafqazda: Daşkəsəndə 19, Gədəbəydə 18, Göygöldə 11, Naxçıvan MR-da: Ağdərədə 70, Şahbuzda 38, Şərurda 34, Naxçıvanda 32, Mərkəzi Aran rayonlarında: Tərtərdə 23, Beyləqanda 15, Bərdədə 13, Göyçayda 10, Yevlaxda 7, Mingəçevirdə 3, Qazax-Gəncə zonasında: Tovuzda 30, Ceyrançöldə 19, Ağstafada 12, Gəncə, Cəfərxanda 6, Naftalanda 4, Şəmkirdə 3, Ağdamda 2 sm olub.
Məlumatda havanın minimal temperaturunun fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil etdiyi qeyd edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq əmr imzalayıb.
Məlumatı report.az yayıb.
Bildirilib ki, havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar yaşayış yeri olmayan kimsəsiz şəxslər təcili tibbi yardım xidməti tərəfindən təyin edilən birləşmiş şəhər xəstəxanalarına çatdırılır və orada yerləşdirilir.
Məlumata görə, soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.
Havaların qarlı və şaxtalı olması nəticəsində bəzi metro stansiyalarının giriş-çıxışlarının qarla örtülməsinin qarşısını almaq məqsədilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi qərargah yaradılıb.
Bu barədə Trend-ə danışan mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Bakı Metropoliteni” QSC-nin briqadalarının həmin ərazilərə cəlb edildiyini söyləyib: “Hazırda bütün stansiyaların giriş-çıxışları nəzarətə götürülüb və qar olan hissələr dərhal təmizlənir”.
“Ərazilər qardan təmizlənir. Qar intensiv yağdığı üçün bəzən giriş-çıxışların qarlı olması mümkündür. Xüsusilə, Depodan çıxan və Depoya qayıdan qatarların hərəkətini tam təmin etmək üçün yollar təmizlənir. Həmin yollar yerüstü olduğundan bu yollara qar daha çox yağıb. Hazırda qərargah fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir”,-deyə Paşayev fikrini yekunlaşdırıb.