Daxili işlər naziri Bakı polisiindəki nöqsanlardan danışıb
Yanvarın 23-də daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə nazir Usubov bildirib ki, ötən il qanunla müəyyən edilmiş vəzifələr, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilsə də, paytaxt polisinin xüsusən idarəçilik fəaliyyətində nöqsanlara yol verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib ki, hesabat dövründə Bakı şəhərində qeydə alınmış 11 min 635 cinayətin 84,6 faizi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Əvvəlki illə müqayisədə qəsdən adam öldürmələr 3,4 faiz, adam öldürməyə cəhdlər 31,8 faiz, zorlamalar 2,1 dəfə, adam oğurluğu faktları 6 dəfə azalıb, qəsdən sağlamlığa ağır zərər vurmalar sabit qalıb.
Cinayətlərin 71,7 faizinin, ağır növlərinin 75 faizinin, qeyri-aşkar şəraitdə baş verən cinayət hadisələrinin 59 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1914 cinayətdən 92 faizi, o cümlədən qəsdən adam öldürmələrin 91,3 faizi, adam öldürməyə cəhdlərin hamısı açılıb.
Müqayisə edilən dövrə nisbətdə adam oğurluqlarının açılması 30 faiz, mənzillərdən edilən oğurluqların açılması 5,5 faiz, avtonəqliyyat oğurluqlarının açılması 18,4 faiz, soyğunçuluqların açılması 8,7 faiz, zorlamaların açılması 13,1 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmaların açılması 2,9 faiz, xuliqanlıqların açılması 2,2 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 0,5 faiz yaxşılaşıb.
Vurğulanıb ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin əməkdaşları tərəfindən 2734 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 47 bağlı cinayət açılıb.
Ötən il təqsirləndirilən şəxs qismində axtarışda olanların 73 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,7 faizi tutulub. Bununla yanaşı, 59 soyğunçuluq və quldurluq cinayəti törətmiş 131 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 91 oğurluq törətmiş 86 nəfərdən ibarət 35 cinayətkar qrup zərərsizləşdirilib.
Hesabat dövründə 1414 fakt üzrə qanunsuz dövriyyədən 230 kiloqram narkotik vasitə çıxarılıb. Eləcə də 81 odlu silah, o cümlədən 36 avtomat, 18 tapança, 23 tüfəng, 1 qumbaratan, 3 pulemyot, 101 qumbara, 6 mərmi, 5195 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə 31 odlu silah götürülüb.
Baş İdarənin rəisi, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə buraxılmış nöqsanlar, xüsusən, cinayətlərin ümumrespublika göstəricilərindən aşağı olan açılma faizinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələr barədə də geniş məlumat verib.