Pavel Durov depozit qarşılığında zaminə buraxılıb

Pavel Durov. Foto: Reuters

“Telegram”-ın qurucusu həftədə iki dəfə polisdə qeydiyyatdan keçmək məcburiyyətindədir və Fransanı tərk edə bilməz

“Telegram”-ın rəhbəri Pavel Durov beş milyon avro depozit qarşılığında zaminə buraxılıb.
Rusiya əsilli “Telegram” rəhbəri Pavel Durov sosial media və mesajlaşma proqramında mütəşəkkil cinayətlə bağlı aparılan istintaq çərçivəsində Fransada saxlanılmışdı.

Ona qarşı irəli sürülən ittihamlar arasında narkotik maddələrin yayılmasında və uşaq pornoqrafiyasında iştirak etmək də var.

Fransa qanunları 96 saata qədər həbsə icazə verir. Bundan sonra məhkəmə təqsirləndirilən şəxsin azadlığa buraxılması və ya ona ittiham irəli sürülməsi, lazım gələrsə, onu həbsdə saxlaması barədə qərar verməlidir.

Paris prokuroru Laure Beccuau açıqlamasında bildirib ki, əllərində Durovla bağlı araşdırma başlatmaq üçün kifayət qədər əsas var.

İttihamlar arasında qeyri-qanuni əməliyyatlara imkan verən onlayn platformanın idarə edilməsində şübhəli iştirak, uşaqların cinsi istismarı, narkotiklərin qanunsuz dövriyyəsi və fırıldaqçılıq, o cümlədən səlahiyyətlilərə məlumat ötürməkdən imtina, çirkli pulların yuyulması və cinayətkarlara kriptoqrafik xidmətlərin göstərilməsi daxildir.

Durovun vəkili David-Olivier Kaminski AFP xəbər agentliyinə bildirib ki, onun proqramda törədilmiş hər hansı cinayətdə iştirak edə biləcəyini söyləmək “absurddur” və o əlavə edib: “Telegram rəqəmsal texnologiya ilə bağlı Avropa qaydalarına hər cəhətdən uyğundur”.

Durov beş milyon avro (5,56 milyon dollar) depozit ödəmək şərti ilə zaminə buraxılıb. O, həmçinin həftədə iki dəfə polisdə qeydiyyatdan keçmək məcburiyyətindədir və Fransanı tərk edə bilməz.

Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. “Politico”nun məlumatına görə, Fransa hakimiyyəti Durov haqqında həbs qərarı 2024-cü il martın 25-də verib. Eyni zamanda onun qardaşı, “Telegram”ın həmtəsisçisi Nikolay Durov barəsində həbs qərarı çıxarılıb. Həbs orderləri “yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanması, yayılması və ya onlara çıxış təklifində iştirak” üçün verilib.

Avqustun 26-da günortadan sonra Fransa prokurorluğu 12 cinayətlə bağlı naməlum şəxslərə qarşı istintaq aparıldığı barədə mətbuata açıqlama yayıb. Onların arasında səlahiyyətli orqanların tələbi ilə məlumat verməkdən imtina, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında iştirak, narkotik vasitələrin yayılmasında iştirak, haker proqramlarının yayılmasında şəriklik var.

Ana səhifəDünyaPavel Durov depozit qarşılığında zaminə buraxılıb