Nikolay Patruşev

Mənbə: Foto: Azərtac

Başlıq: Nikolay Patruşev

Patruşevin Bakıda İlham Əliyevlə görüş planının olmaması suallar yaradıb

Azər Qasımlı: “Usubov öz adamlarıdır və onunla da görüşürlər”

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.

Nikolay Patruşev Bakıda təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq.

Bu barədə “Azərtac” Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadla məlumat yayıb.

N.Patruşev avqustun 12-də Ermənistanda olub. Elə həmin gün Rusiya, İran və Azərbaycan prezidentlərinin 14 avqusta planlaşdırılan görüşünün başqa vaxta keçirilməsi haqda məlumat yayılıb.

Son illərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana 3 dəfə səfər edib və hər üç səfərdə o, ölkə başçısı İlham Əliyevlə görüşüb. Ancaq N.Patruşev sabahkı səfərində Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşməsi və ümumiyyətlə, prezidentb İlham Əliyevin avqustun 24-dən görünməməsi suallar doğurub.

Müsavat Partiyasının İdarə Heyətinin bazar günü toplantısında İlham Əliyevin səhhətində problemlərlə bağlı sosial şəbəkələrdə yayılan şaiyələr müzakirə olunub:

“Şaiyələrə görə, məhz bu problemlərlə əlaqədar dövlət başçısı avqustun 24-dən bəri görünmür”.

Partiya hesab edir ki, prezidentin sağlamlığı və əmək qabiliyyəti onun şəxsi işi deyil və hakimiyyət cəmiyyətə bu mövzuda dəqiq və aydın məlumat verməlidir.

Ancaq hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov Turan İnformasiya Agentliyi üçün şərhində İlham Əliyevin səhhətində problemlərlə bağlı şaiyələri təkzib edib:

“Mən YAP adından rəsmi olaraq bildirirəm ki, bütün bu şaiyələr əsassızdır. Dövlət başçısı tamamilə sağlamdır və hər gün səhər saat 9-da iş yerində olur”.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov xatırladıb ki, Nikolay Patruşev xüsusi xidmət orqanlarına nəzarət edən şəxsdir və o qədər də publik insan deyil.

“Daha çox müəyyən yaranmış problemləri yoluna qoymaq üçün bu və ya digər dövlətlərə səfər edir. Təhlükəsilik Şurasının katibi elə bir vəzifədir ki, o qeyri-publik diplomatiya ilə məşğuldur. Bakı səfərinin ikinci səbəbi odur ki, regionda çox mürəkkəb situasiya görüntüsü var, Ermənistan Baş naziri Nikol Paşinyanın bəzi bəyanatları Azərbaycanda çox qıcıq doğurmuşdu. Patruşev Ermənistana da səfər etdi və görünür, müəyyən məsələlər barədə orda da müzakirələr aparıb.

“Bütün hallarda Patruşevin kəskin dönüş xarakterli nəticələr əldə etmək üçün Bakıya gəldiyini düşünmürəm. İndiki şəraitdə o vəziyyəti öyrənmək, tənzimləmək və müəyyən mesajlar çatdırmaq üçün gəlir”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: meydan.tv

İlham Əliyevin 10 gündən çox görünməməsinə gəlincə, R.Mirqədirov bildirib ki, informasiya azlığı ehtimallar irəli sürməyə də imkan vermir:

“Hər halda Bakıdan qeyri-adi bir şey gəlmir. İstisna deyil ki, Patruşev Bakı səfərində prezidentlə də görüşə bilər. Bir sıra hallarda belə görüşlər sonradan da razılaşdırılır, yəni əvvəlcədən razılaşdırılmır. Patruşevin Ramil Usubovla görüşməsi isə kifayət qədər məntiqə uyğundur. Çünki sabiq nazir Usubov indi Patruşevin həmkarıdır”.

ReAL Məclis başqanı Azər Qasımlı Nikoloy Patruşevin Bakıya əvvəlki səfərlərində yalnız prezidentlə deyil, Ramiz Mehdiyevlə də görüşdüyünü bildirib:

“Hazırda Ramil Usubov Təhlükəsizlik Şurasının katibi olduğundan Patruşevin onunla görüşməsi məntiqə uyğundur, bu, rəsmi tərəfi. İkincisi, illərdir Azərbaycan cəmiyyətində Mehdiyevin və Usubovun Rusiyaya yaxınlığı haqda fikirlər üstünlük təşkil edir. Hətta onları Rusiyanın “beşinci kalonu” hesab edənlər də var. Ona görə Patruşevin Usubovla görüşməsi tam normaldır, öz adamlarıdır və onunla da görüşürlər”.

Azər Qasımlı

Azər Qasımlı

Mənbə: meydan.tv

A.Qasımlı prezidentin 10 gündür görünməməsini mövcud siyasi gerçəklikdən irəli gəldiyini düşünür:

“Ölkədə illərdir demokratik və ədalətli seçkilər keçirilməyib, Əliyev də hakimiyyətə şəffaf seçki nəticəsində gəlməyib. Bu baxımdan onun xalqa hesabat verməməsi normaldır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9iv4vh

Ən çox baxılan