Patriarxal cəmiyyət və diktatura sevgiyə qarşı

“Şanxay” filminə baxandan sonra…

Source:
Gunel Movlud
Gunel Movlud

“Şanxay” filminə baxandan sonra…

15 yaşım olanda bir gənclə sevgili idim. Bir gün məktəbdən sonra onunla söhbət edəndə balaca qardaşım bizi gördü. Ağır günlərim başladı. Qardaşım məni şantaj edirdi ki, oğlanla danışdığımı valideynlərimizə deyəcək. Bu, çox qorxulu idi. Məni o ki var döyə bilərdilər, üstəlik, utancın verdiyi dəhşət. Sevgi münasibətlərinə elə don geyindirmişdilər ki, elə bilirdim utanmalı iş görmüşəm. Qardaşımın şantajı bir il çəkdi. Bu bir il ərzində mən onun dediyi hər şeyi edirdim. Təki o olanla danışdığımı valideynlərimizə deməsin. Döyülməkdən, təhqir olunmaqdan qorxurdum və qorxmaqda da haqlı idim.

Bir ildən sonra qardaşımla məsələni birdəfəlik həll elədim. Oğlanla danışdığımı özüm valideynlərimə deyib, bir dəfə döyüldüm. Amma şantaj bununla bitdi. O zaman anladım ki, sənin gizlətməli olduğun şey zəif yerindir və gizli olmalı olan şey başqalarına səni idarə etməyə imkan yaradır.

Təəssüf ki, qardaşım rastlaşdığım son şantajçı olmadı. Və təəssüf ki, mən də öz ölkəmdə sevgisinə, intim həyatına görə şantaj edilən son qadın olmadım. Böyüdükcə, öz patriarxal ölkəmdə sevginin şantaj, manipulyasiya üçün vasitə olduğunun total hal olduğunu anladım.

Bir xanım vardı, mobil operatorlardan birinin ofisində çalışırdı. Danışırdı ki, onların mobil əlaqə satmaqdan başqa da bir biznesləri var. Qadınların sevgi yazışmalarını, sms-lərini başqalarına satırlar. Sizin 500-1500 dollararası pulunuz varsa, istədiyiniz qadının özəl sms-lərini mobil operatorlardan satın ala bilərsiniz. Deyək ki, bir ata öz qızının, bir qardaş öz bacısının, bir ər öz arvadının və yaxud bir oğlan evlənmək istədiyi qızın gizli saxlamalı olduğu şeyləri bilmək istəyir. Rüşvət verərək, istədiyi müddətdə smsləri, hardan zənglər gəldiyini öyrənə bilər.

Bu “biznes” və bu qanunsuzluq ona görə baş tutur ki, sevgi, seks həyatı azad deyil, qadağan və gizlidir. Məsələn, Norveçdə belə bir prosesi təsəvvür edə bilməzsiniz. Norveçdə heç bir kişi hansısa qadının intim həyatından bilgi əldə etmək üçün mobil operatora pul ödəməz. Heç bir mobil operator da o bilgini satmaz. Çünki Norveç kimi ölkələrdə belə problemlər təkcə qanuni tərəfdən deyil, həm də mental tərəfdən çoxdan həll edilib. Çünki intim, şəxsi məlumatı ictimaiyyətə sızdırılan qadın gedər polisə, məhkəməyə, o məlumatları alan kişini də, məlumatı satan operatoru da süründürər, təzminat alar, sonra da həbsə atdırar.

Çünki bu davada Norveçdə hər kəs o qadının tərəfində olar. Evli, subay, yaşlı, cavan, sagçı, solçu, yaşıl, fermer – yaşından, sosial statusundan, siyasi baxışından asılı olmayaraq, heç kim cürət etməz ki, kiminsə intim həyatının aşkarlanmasına haqq qazandırsın. Bu cəmiyyətdə o qadın evlidirmi, subaydırmı, yatdığı adam əridirmi, sevgilisidirmi – kimsə bununla maraqlanmaz. Çünki “məişət əxlaqı”ndan min dəfə vacib və dəyərli şeylər var – qanun və ictimai əxlaq. Bu əxlaq hər zaman şantaj edilənin yanında olar.

Buna görə də, şantaj edilən ürəklə öz haqqını qoruyar.

Amma “məişət əxlaqı” deyilən şeyin (özü də nə zülmdüsə, o əxlaqa ancaq qadın əməl etməlidir) ölkələrdə, bəzən texnoloji yeniliklər də manipulyasiyaya, şantaja rahat zəmin yaradır. Məsələn, bir il əvvəl Azərbaycan dəhşətli bir hadisənin şahidi oldu. Bir kənddə 17 yaşlı məktəbli bir qızı 20 nəfərə yaxın oğlan 3 il müddətində zorlamışdı. Gənclərdən biri qızla öpüşdüyü videonu ona göstərib demişdi ki, qız onunla sekslə məşğul olmasa, bu videonu başqalarına göstərəcək. Daha sonra qızla seksini çəkib, şantaj etmişdi ki, dostları ilə sekslə məşğul olsun. Beləliklə, videodan xəbəri olan bütün oğlanla qızı seksə məcbur etmişdilər. Bu hadisə təsadüfən aşkarlandı. Nəticədə isə qızı zorlayanların cəzalandırılması əvəzinə, kənd əhalisi qızın ailəsini kənddən qovdu ki, qızları əxlaqsızdır. Bu hadisənin yeganə ümidli tərəfi odur ki, qıza anası dəstək oldu.

Əslində bu, bilmədiyimiz minlərlə şantaj yolu ilə zorlama olayından ancaq biridir. Bir çox halda şantaj, zorlama ilə üzləşəndən sonra həmin qadınlar seks kölələrinə çevrilir, başqalarına seksual xidmət üçün satılır. Halbuki, o qızlar ilk şantajda valideynlərinə, polisə müraciət edə bilsəydilər, seksual köləliyin qurbanı olmazdılar. Amma onlar haqlı olaraq valideynlərindən də, polisdən də qorxurlar. Çünki onlardan alacaqları cəzadan daha çox qorxurlar, təhqirlərdən, utancdan qorxurlar. Və beləliklə, azad, evlilikdən kənar seksual həyatın tabu, qadağan olunması patriarxal cəmiyyətlərdə qadın alverinə, seksual köləliyə rahat zəmin yaradır.

Cənubi Qafqazda gəlirli bizneslərdən biri də gimenoplastikadır. Bakirəliyin bərpa edilməsi. Çünki bu ölkələrdə qadın evliliyə qədər bakirəliyini qoruyub saxlamalı, toy günü isə 20-30 nəfərin iştirak etdiyi bakirəlik testindən keçməlidirlər. Buna görə də, bakirəliyini toya qədər qorumayan qadınlar toya az qalmış ginekoloqlara müraciət edir, bakirəliklərini bərpa edib sonra evlənirlər. Bu əməliyyat isə həm bahalı, həm də risklidir. Çünki çox hallarda ginekoloqlar daha sonradan həmin qadınları şantaj etməyə başlayır və bu şantaj illərlə davam edə bilər. Beləliklə, patriarxal cəmiyyətdə seksual qadağa daha bir biznes növünə imkan yaradır. Bu biznes ancaq seksual tabunun üzərində dayanır, çünki seksin azad olduğu ölkələrdə belə bir biznesə yer yoxdur.

Azərbaycanda otellər evli olmayan cütlüklərə otaq verməkdən imtina edir. Uzun mübahisədən sonra otel rəhbərlikləri iki, üçqat bahasına onlara otaq verməyə razı olur, çox vaxt isə sevgililər həmin otaqlarda quraşdırılmış gizli kameralara düşür və sonradan həmin videolarla şantaj edilirlər.

Beləliklə, patriarxal cəmiyyətdə, seksual həyatın tabu olması çox asanca manipulyasiya vasitəsinə çevrilir. Sevginin azad olmaması, intim həyatın rüsvayçılıqla üzləşə bilmə ehtimalı insan haqlarının ən faciəvi şəkildə pozulmasına gətirib çıxarır.

Patriarxal cəmiyyətlərdə sevgi azad deyil, sevgiyə hörmət edilmir, sevgi, ümumiyyətlə, qəbul edilmir. Çünki sevgini qəbul etmək, həm də qadın, LGBTİ haqlarını, gender bərabərliyini qəbul etməkdir. Sevgini qəbul etmək həm də böyüklərin gənclər üzərində hegemonluğundan, idarəediciliyindən imtina etməkdir. Sevgini qəbul etmək, həm də insan haqlarını qəbul etməkdir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəPatriarxal cəmiyyət və diktatura sevgiyə qarşı