“Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə “yeni Konstitusiya” ifadəsi açıq şəkildə qeyd olunub”
Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna kimi yeni Konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verdiyi bildirilir.
Bu barədə “Azadliq” radiosunun erməni xidməti məlumat yayıb.
Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib:
“Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı 2024-cü ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni Konstitusiya layihəsinin hazırlanmasını tapşırıb. Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.
Konstitusiya İslahatları Şurasının üzvü Artur Sakunts radioyaya mayın 24-də qəbul edilən və hökumətin rəsmi saytında yerləşdirilən bu qərardan bu gün xəbər tutduğunu bildirib.
Onun sözlərinə görə, məsələ hələ şurada müzakirə olunmayıb və hökumət nümayəndələri bu müddətdə Baş nazirin qərarı ilə bağlı heç bir açıqlama verməyiblər.
“Mənə aydın deyil ki, biz indi onu tərk edirik, yoxsa yenidən davam edirik? Çünki şura toplaşıb bunu aydınlaşdırmalıdır, əslində, nə baş verdiyi naməlumdur. Anlamadığımız çoxlu suallar var”, – deyə o əlavə edib.
Yanvarın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olduğunu bildirmişdi.
Fevralın 1-də isə Baş nazir İctimai Televiziyaya müsahibəsində demişdi ki, Ermənistanın dövlət siyasəti Qarabağın birləşdirilməsi ilə Müstəqillik Bəyannaməsinə əsaslanacaqsa, yenə müharibə olacaq və heç vaxt sülh olmayacaq.
Nikol Paşinyan bu fikrini əsas götürərək Konstitusiyaya dəyişiklik təklif etmişdi.
Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib.
2015-ci ildə referendum yolu ilə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.
İyunun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Yerevanla sülh sazişinə toxunaraq demişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil:
“Çünki Konstitusiyada Azərbaycana, hətta Türkiyəyə də ərazi iddiaları yer alıb”.
Bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığını bildirib:
“Ermənistanın Konstitusiyası və ona edilən dəyişikliklər ölkənin daxili işləridir. Biz rəsmi Bakının onun ətrafında hələ 2018-ci ildə başlayan daxili erməni müzakirələrinə müdaxilə cəhdlərini kobudluq kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür söhbətlər sülh prosesinə zərbə vurur və Azərbaycan rəhbərliyinin sülhün əldə edilməsində səmimiliyinə şübhə yaradır”.