Paşinyanın təyyarəsi dron hücumları səbəbindən Moskvaya eniş edə bilməyib

Nikol Paşinyan. İllüstrasiya: Meydan TV

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya eniş etmək üçün icazə ala bilməyib və bundan sonra Sankt-Peterburqda eniş etmək məcburiyyətində qalıb.

Məlumata görə, Paşinyanın təyyarəsi eniş edə bilmək üçün bir saata yaxın Tver vilayəti üzərində dövrə vurub, lakin nəticədə Pulkovo Hava Limanına yönləndirilib və gecə saat bir radələrində eniş edib.

Paşinyan Almaniyaya səfərindən sonra Moskvaya uçurdu və Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etməyi planlaşdırırdı.

Hava nəqliyyatında yaranan problemə son zamanlar Moskva ətrafında edilən ən böyük dron hücumlarından biri səbəb olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva vilayəti üzərində 32 pilotsuz uçuş aparatı vurub. 

Hücum nəticəsində Moskvanın dörd əsas hava limanı – Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib. Bu da 170-dən çox reysin gecikməsinə və ya ləğvinə gətirib çıxarıb. Uçuşların xeyli hissəsi Pulkovodakı alternativ limana yönləndirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərində 287 dronun qarşısı alınıb və məhv edilib. Onlardan 118-i Bryansk bölgəsində zərərsizləşdirilib.

Ana səhifəDünyaPaşinyanın təyyarəsi dron hücumları səbəbindən Moskvaya eniş edə bilməyib