Paşinyanın müharibə ilə bağlı anonsuna Azərbaycandan iki fərqli baxış

Müharibə. Foto: Meydan TV

Azər Qasımlı: “Hakimiyyətin nəzarətində olan deputat dedi ki, Zəngəzuru alıb Rusiyaya verək”

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə Yerevanın Bakıya güzəştə getməsindən danışıb.

O bildirib ki, sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakıya güzəştə getməsə, o zaman gələn həftənin sonunda müharibə başlaya bilər:

“İndi biz buradan gedə bilərik, gedək və Azərbaycana deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq”.

Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, – deyən Paşinyan əlavə edib.

O bildirib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsi barədə məlumatı olub, onları niyə əvvəlcədən xəbərdar etmədiyini soruşacaqlar.

Baş nazir Azərbaycanla sərhədin delimitasiyası və demarkasiya məsələsində praktiki mərhələnin başladığını da vurğulayıb.

Nikol Paşinyan. Foto: Meydan TV

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada yerləşdiyini aydınlaşdırmaq lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır. Bu həm də sərhədin harada olduğunu müəyyənləşdirməyimizin səbəbidir. Ermənistan bu ərazidə yerləşir və biz bunu təkcə Ermənistan üçün deyil, həm də konkret olaraq Voskepar və Kirants kəndləri üçün, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik”, – Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Bakıda 4 problemli kənddən söhbət gedir, Ermənistan tərəfi isə 31 yaşayış məntəqəsində problemlərin olduğunu bildirir.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı müharibə təhlükəsi ehtimalının hələ də yüksək səviyyədə qaldığını və bunun yalnız 4 kəndlə əlaqədar olmadığını düşünür.

Qasımlı Meydan TV-yə deyib ki, Rusiya 2020-ci ilin noyabr bəyanatına əsasən Azərbaycanın Zəngəzur dəhlizində hərbi əməliyyat başlamasını istəyir.

O, “Xankəndinin tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi 2020-ci il bəyanatının tarixin arxivinə düşməsi deyilmi?” sualına belə cavab verib:

Azər Qasımlı. Foto: Meydan TV

Əgər həmin bəyanat tarixin arxivinə atılsaydı, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu barədə danışmazdı. Yaxud Prezident və Xarici İşlər naziri ona reaksiya verib bəyanatın keçmişdə qaldığını söyləyərdilər. Amma İlham Əliyev yanvarın 10-da yerli televiziyalara bildirdi ki, Rusiya hərbçiləri Zəngəzur yolunu nəzarətə götürməldir, əks təqdirdə, Azərbaycan Ermənistanla kommunikasiyaları açmayacaq. Deməli, bu olmayacaqsa, sülh sazişi imzalanmayacaq və müharibə ehtimalı yüksək qalır. Başqa bir misal, hakimiyyətin nəzarətində olan deputat Qüdrət Həsənquliyev Milli Məclisdə dedi ki, 2020-ci ilin bəyanatı tam reallaşdırılmayıb, Azərbaycan müharibəyə gedib Zəngəzuru Ermənistandan alıb Rusiyaya təhvil verməlidir“.

NATO Baş katibi Yens Stoltenberqin Bakı səfərinin Azərbaycanın Zəngəzura hərbi müdaxiləsinin qarşısını almaqla bağlı ehtimala gəlincə, siyasi şərhçi deyir ki, ABŞ rəsmisi Brayn da 2023-cü ilin noyabrında eyni mesajla Bakıya gəlmişdi:

Elə Braynın Əliyevin görüşünün səhərisi Prezident seçkisi elan olundu. Seçkidən sonra Əliyevin Münhenə dəvəti də bu mövzuyla bağlıydı, yoxsa saxta Prezident seçkisinə görə təbrik etmirdilər. Gələk, Stoltenberqin Bakı səfərinə, bu, Azərbaycanın NATO ilə hərbi əməkdaşlığı deyildi. Əslində, onun Əliyevlə mətbuat konfransından çox ikilikdə apardıqları danışıqları idi. Brayndan sonra Prezident seçkisi elan olundu, indi də hansısa siyasi qərarın elan ediləcəyini gözləyirəm. Stoltenberqin bölgəyə səfəri, əlbəttə, Qərbin müharibənin əleyhinə olması mesajını çatdırmaq idi”.

Milli Məclisin deputatı isə Paşinyanın fikirlərini qeyri-ciddi sayır

Hakim partiyanı təmsil edən deputat Hikmət Babaoğlu Paşinyanın məsələni bu dərəcədə qiymətləndirməsini qeyri-ciddi adlandırıb:

Əlbəttə, qalib ölkənin ərazisi məğlub edilən ölkə tərəfindən işğal altında saxlanılırsa, nəticə etibarı ilə bütün riskləri ciddi qəbul etmək olar. Amma indiki halda Ermənistanın Baş nazirinin vəziyyəti bu şəkildə qiymətləndirməsi bir qədər qeyri-ciddidir”.

Hikmət Babaoğlu bildirib ki, Azərbaycan əraziləri sülh yoluyla qaytarmaq istəyir:

Hikmət Babaoğlu. Foto: axar.az

Yaxşı olar ki, Paşinyan həmin açıqlamanı səsləndirməzdən əvvəl əraziləri qaytarmaq barədə düşünərdi. Məncə, bu haqda da düşünür. Ona görə o, Ermənistanın ictimai rəyini razı salmaq üçün səsləndirib ki, daxildə müqavimət olmasın. Çünki Azərbaycanla müharibənin necə nəticələndiyini bilirlər. Həmçinin Paşinyanın vəziyyəti bu cür qiymətləndirməsi hələ də Ermənistan ictimaiyyətinin durumu obyektiv qiymətləndirməməsindən irəli gəlir. Nəyə görə həmin kəndlərdə yaşayanlar 1992-ci ildən sonra orada məskunlaşdırıldıqlarını anlamırlar, çünki reallıq hissini itiriblər. Paşinyanın sərt ritorikası da ümumi ictimai rəyi gerçəkliyə dəvət etmək məqsədi güdür“.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın açıqlamasına görə Qərbi ittiham edib:

“Qərbin siyasəti ona gətirib çıxarıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəd bölgəsində Azərbaycanla qaçılmaz müharibə təhlükəsi elan edir”.

Onun sözlərinə görə, Ermənistanın Baş nazirinin bəyanatının Rusiya ilə heç bir əlaqəsi yoxdur:

Mariya Zaxarova. Foto: Meydan TV

“Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar məsələni nəyə gətirib çıxarıblar? Diqqət edin: bu bəyanatın heç bir halda Rusiya ilə əlaqəsi yoxdur. Bu, Yerevandakı mövcud hakimiyyətin müstəsna səlahiyyətidir və onların məsləhətləşmələrinin nəticəsidir”.

Azərbaycanın rəsmi qurumları Nikol Paşinyanın açıqlaması barədə mövqe yaymayıblar.

Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi barədə məlumat yayılıb.

Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib:

Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətPaşinyanın müharibə ilə bağlı anonsuna Azərbaycandan iki fərqli baxış