“Paşinyanın çıxışındakı yeni məqam Dağlıq Qarabağın adını çəkməməsidir”

“Əgər Bakı Yerevanla dil tapa bilsə, bu məsələni də həll edə bilər”

Source: Specify Source


Politoloqlar Ermənistanın Baş nazirinin çıxışını şərh edir

"Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət iclasında "Bölgədə bütün kommunikasiyalar açılmalıdır" bəyanatında yeni məqam Dağlıq Qarabağ adını çəkməməsidir".

Bu açıqlamanı Meydan TV-yə “Turan”-ın redaktoru Şahin Hacıyev Nikol Paşinyanın məlum açıqlamasını şərh edərkən bildirib. Ancaq Şahin Hacıyev Yerevanın bəyanatının yeni olmadığı qənaətindədir:

"Sadəcə, Ermənistanın məsələyə indiyə qədər hansı şərtlərlə yanaşdığı sualı açıq qalırdı. Nəzərə alın ki, ermənilər Azərbaycanı 30 ildir onları blokadada saxlamaqda ittiham edirlər. Amma yolların nə cür açılaması problemi ətrafında mübahisələr vardı. İndi mövqelər də, şərait də dəyişib. Yəni əvvəlki mövqe bundan ibarət idi ki, Qarabağa bir status verin, yolların açılmasına etiraz etmirik. Ancaq Nikol Paşinyanın son açıqlamasında Dağlıq Qarabağ ifadəsinə rast gəlinmir. Hazırda əsas sual budur ki, Ermənistan hakimiyyəti mövcud yanaşmasında sona qədər qala biləcəkmi və bu, mövqenin yumşalmasıdırmı? Bax, bunu yaxın gələcək göstərəcək".

Şahin Hacıyevin sözlərinə görə, şəraitin dəyişməsini diktə edən bir neçə səbəb var:

"Birinci səbəb Ermənistanın daxili durumu idi, seçkidən əvvəl Paşinyanın hakimiyyətdə qalıb-qalmaması sual altındaydı. Amma yeni seçkilərdən sonra Paşinyan mövqeyini möhkəmlətdirdi və hazırda dövlət strukturlarını tədricən nəzarətə götürür. Artıq istədiyi siyasəti keçirə bilir. İkinci səbəb xarici təzyiqlərdir, konkret olaraq, Rusiya xarici işlər naziri Lavrov bugünlərdə dedi ki, Moskva Yerevanla Ankara münasibətlərinin tənzimlənməsini dəstəkləyir və buna yardım edir. İndiyə qədər Moskva belə bəyanat verməmişdi. Bu, o deməkdir ki, Azərbaycan və Türkiyədən əlavə, Rusiya da Yerevanla Ankara münasibətlərinin qaydaya düşməsini istəyir. Əslində, Ermənistanın bu varianta getməyə məcbur olmasını kənara qoysaq, yolların açılması Yerevan üçün həm də əlverişlidir".

Untitled design (3).png
Şahin Hacıyev

Şahin Hacıyev bildirib ki, Rusiya regionda mənafelərinin pozulmadan konfliktin çözülməsində maraqlıdır:

"Moskva üçün sərhədin müəyyənləşməsi, yaxud yolların, kommunikasiyaların açılması prinsipial deyil. Rusiya başda ABŞ olmaqla Qərbin bölgəyə müdaxiləsinin əleyhinədir, konfliktin də yalnız Türkiyəylə birgə həllində maraqlıdır. Moskva üçün Ermənistanın maraqları ikinci dərəcədir, o halda ki, bu ölkədə olan rus hərbi bazaları çıxarılmasın".

Politoloq Zərdüşt Əlizadə yolların tam şəkildə açılması üçün ən azı 2 il yarım vaxt lazım olduğunu bildirib. Onun fikrincə, əgər tərəflər razılıq əldə etsələr ki, bütün yollar açılmalıdır, o saat Yerevan-Tiflis-Bakı-Moskva açılır, çünki işləyən yol budur:

"Təxminən 1 kilometr yol Qazax-İcevan yoludur, onun hazır olmasına 1 ay vaxt lazım gərəkdir. Mehri yolu var Naxçıvana, amma ikincinin yolu bərbaddır, yenidən çəkilməlidir. Bütün hallarda 2 il yarım zaman lazımdır".

Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan əgər sülh istəsəydi, əvvəlcədən heç bir şərt qoymadan buna getməliydi:

"Məsələ ondadır ki, Moskva münaqişənin həllini istəmir, Azərbaycandan Ermənistana təzyiq vasitəsi kimi istifadə etmək niyyəti güdür. Düzdür, Ermənistan da səhv edib dirənmişdi, indi düşünüblər ki, əgər ümumi razılıq olsa, açılacaq".

zerdusht-alizade.jpg
Zərdüşt Əlizadə

Politoloqun qənaətincə, Azərbaycan üçün əsas məsələ həll edilib, yəni əsas problem Ermənistan deyil:

"Yəni əsas problem Rusiyanın bölgədə hegemonluq istəyidir. Əgər Bakı Yerevanla dil tapa bilsə, bu məsələni də həll edə bilər. Moskva isə buna imkan qoymur. Dağlıq Qarabağ ermənilər də artıq yumşalırlar, bizimkiləri isə ruslar qoymur".

Baş nazir

Nikol Paşinyan

hökumət iclasında Ermənistan üçün Rusiya və İranla dəmir yolunu qurmaq son dərəcə vacib olduğunu deyib:

"Bu məsələnin həlli üçün üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) kommunikasiyaların açılması məsələsi müzakirə olunur".

“Biz konkret nəticələrin əldə olunması üçün qətiyyətlə əlimizdən gələni etməyə köklənmişik və hazırıq. Üstəlik başa düşürük ki, Bakı həmçinin Naxçıvanla əlaqə qurmağa çalışır”, – o qeyd edib.

Türkiyə Ermənistlanla sərhədi 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra bağlayıb.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.

1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası "Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə "DQMV haqqında" Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.

Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Ana səhifəSiyasət“Paşinyanın çıxışındakı yeni məqam Dağlıq Qarabağın adını çəkməməsidir”