Paşinyana qarşı olan arxiyepiskop üzr istəyib

Baqrat Qalstanyan etiraz aksiyası zaman. Yerevan. İyun, 2024. Foto: Tiqran Petrosyan, “Kavkazski uzel”

O, rejimi dəyişdirmək üçün etiraz kampaniyasını davam etdirəcəyinə də söz verib

“Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə 2026-cı ildə keçiriləcək növbəti seçkilərdə iştirakına imkan verməyəcək.

“Paşinyanın seçkiyə getməyə cəsarəti çatmır. İkincisi, biz ona bu imkanı verməyəcəyik. Seçkiqabağı hazırlıqlara və digər hər şeyə gəlincə, qoy cəhd etsinlər”, – Qalstanyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

May-iyun aylarında hökumətə qarşı kütləvi etirazlara başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı çökdürə bilmədiyinə görə tərəfdarlarından üzr istəyib.

“Etdiyim və etmədiyim işə görə üzr istəməkdən utanmıram…”.

“Ayrı-ayrı uğursuzluqlara və yekun nəticəyə nail ola bilmədiyim üçün məsuliyyət tam mənim üzərimdədir. Uğur və qələbə sevimli xalqıma məxsusdur”.

O, rejimi dəyişdirmək üçün etiraz kampaniyasını davam etdirəcəyinə də söz verib.

Apreldə Azərbaycanın xeyrinə 4 həmsərhəd kənddən geri çəkilməklə bağlı Paşinyanın qərarından sonra Qalstanyan Tavuş bölgəsində baş qaldıran və müxalifətin də dəstəklədiyi etiraz aksiyalarının liderinə çevrilib.

Ərazilərin qaytarılmasını əngəlləyə bilməyən arxiyepiskop Paşinyanı istefaya məcbur etmək üçün etirazçıları paytaxt Yerevana yönəltmişdi.

Ancaq Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasına rəhbərlik edən Qalstanyan oktyabrda mitinqləri bərpa edərkən, az sayda etirazçı gəldiyindən, daha mitinq kerirməyəcəyini bildirmişdi.

Maydakı etirazlardan bəri bəzi müxalif qruplar Qalstanyanı tənqid edir, onu hakim rejimi dəyişməkdən ötrü qətiyyətsizlikdə, aydın hərəkət planına sahib olmamaqda suçlayır.

Baş nazir Paşinyan mayda etiraz aksiyalarına xarici kəşfiyyat xidmətlərinə çalışanların qatıldığını söyləmiş, hakim partiyanın bəzi üzvləri Qalstanyanı Rusiya casusu adlandırmışdı. Kanada vətəndaşlığı olan 53 yaşlı arxiyepiskopun özü bu ittihamları kinayə ilə qarşılamışdı.

Ana səhifəDünyaPaşinyana qarşı olan arxiyepiskop üzr istəyib