Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyevi ABŞ şirkəti tərəfindən idarə olunacaq Tramp Marşrutuna istinad edərkən “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etdiyinə görə tənqid edib.
OC Media yazır ki, bazar ertəsi Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı Paşinyan qeyd edib ki, Ermənistan, Azərbaycan və ABŞ arasında avqustun 8-də ABŞ-da imzalanmış birgə bəyannamədə “müəyyən terminologiya” – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) razılaşdırılıb.
“İnanıram ki, bu aydınlaşdırılmış, razılaşdırılmış terminologiyadan istifadə konstruktiv atmosferə və gələcək işlərin həyata keçirilməsinə kömək edəcək”, – Paşinyan bildirib.
O, daha sonra görüşün digər iştirakçılarına aydınlıq gətirib ki, Azərbaycan Prezidentinin işlətdiyi ifadə Vaşinqtonda razılaşdığımız məntiqlə tərəfimizdən qəbul edilmir.
Paşinyan daha sonra qeyd edib ki, TRİPP proqramı onun hökumətinin 2023-cü ilin oktyabrında təklif etdiyi “Sülh yollarının kəsişməsi” layihəsindən “irəli gəlir”.
Paşinyan bu şərhləri Əliyevin eyni görüşdə təklif etdiyi və TRİPP-in potensial təsirini yüksək qiymətləndirən bəyanatından sonra verib.
“Zəngəzur dəhlizi tezliklə Orta Dəhlizin, eləcə də sülhün, çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək Şimal-Cənub dəhlizinin digər mühüm seqmentinə çevriləcək”, – deyə Əliyev ŞƏT sammitində çıxışı zamanı bildirib.
Ermənistan Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” ifadəsini rədd edərək, onun Sünik bölgəsinə münasibətdə Ermənistana qarşı ərazi iddiası tələbini nəzərdə tutduğunu bildirir.
Baxmayaraq ki, razılaşdırılmış yeni termin – Tramp marşrutudur, Əliyev və Türkiyə rəsmiləri hər iki termini bir-birini əvəz edən mənada istifadə edirlər.
“Tramp marşrutu” ilə bağlı razılaşma avqustun 8-də Vaşinqtonda Paşinyan, Əliyev və ABŞ prezidenti Donald Trampın görüşdüyü sammitdə qəbul edilib. Sammitin nəticəsi olaraq, üç lider arasında razılaşdırılanları əks etdirən yeddi bənddən ibarət birgə bəyannamə imzalanıb.
Vaşinqton sammitində ABŞ-ın Ermənistan ərazisindən Azərbaycanı onun Naxçıvan MR ilə birləşdirən TRIPP adlandırılan marşrutun və ya Tramp marşrutunun açılmasında iştirakı da açıqlanıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.