“…Ermənistan hərbi əməkdaşlıq üçün bizə müraciət edəcək”
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədrinin birinci müavini Svetlana Jurova Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına reaksiya verib.
Jurovanın sözlərinə görə, Ermənistanın müdafiəyə ehtiyacı olduğu üçün Rusiya ilə əməkdaşlıq etdi:
“Görünür, onlar hesab edirlər ki, bu müdafiə, status-kvo, kompromis – artıq bütün bunlar onlara lazım deyil. Guya indi hamı silahlıdır və heç kim heç kimə hücum etməyəcək. Bu o deməkdir ki, Ermənistan artıq heç bir şeyin onu təhdid etmədiyinə inanır və indi bununla özləri məşğul ola bilərlər. Yaxud da başqası onlara nəsə vəd edib”.
“Yəqin ki, sanksiyaların olduğu bu çətin vəziyyətdə Ermənistan da Qərbə oxşar bəyanatlar verir. Bütün bunlar bitən kimi Ermənistan hərbi əməkdaşlıq üçün bizə müraciət edəcək”, – deyə rusiyalı deputat əlavə edib.
“Həm obyektiv, həm də subyektiv səbəblərə görə mümkün deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə səbəbdən Moskvanı Yerevanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı saymayıb.
O, bu barədə Ermənitanın İctimai Televiziyasına danışıb.
Paşinyanın sözlərinə görə, Ermənistan, həqiqətən, kiminlə hərbi əməkdaşlığı inkişaf etdirməli olduğunu başa düşməlidir.
“Biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya biləcəyimizi başa düşməliyik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi. Həmçinin münasibətlərimizin 95-97 faizi Rusiyaya bağlıydı. İndi bu həm obyektiv, həm də subyektiv səbəblərə görə mümkün deyil”, – deyə hökumət başçısı əlavə edib.
Baş nazir bildirib ki, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər quracağını, eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalmaq istəyib-istəmədiyini aydınlaşdırmalıdır.
Nikol Paşinyan həmçinin qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ən həlledici anda Ermənistanı öz problemləri ilə baş-başa buraxıb.
Rusiyanın rəsmi dairələrindən hələ ki Nikol Paşinyanın açıqlamasına reaksiya verilməyib.
1992-ci ildə imzalanmış müqaviləyə əsasən Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla dövlət sərhədini qoruyurlar.
RF FTX Sərhəd İdarəsi Ermənistan MTX Sərhəd Qoşunları ilə birlikdə “Zvartnots” hava limanını və İranla sərhəddə avtomobil yolu üzərindəki “Aqarak” buraxılış məntəqəsində sərhədin mühafizəsini icra edirlər.
Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümri şəhərində yerləşdirilib.
Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir.
2010-cu ildə bazanın Ermənistan ərazisində yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadılıb.
2023-cü ilin martında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından da imtina etmişdi.
Yanvarın əvvəlində Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.
2022-ci ilin dekabrında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sergey Lavrovun təşəbbüsü ilə keçirilən görüşdən imtina etmişdi.
S.Lavrov R.Mirzoyanın imtinasını “fürsətlərin qaçırılması” adlandırmışdı.