Paşinyan Qərblə əməkdaşlığın Ermənistanı gücləndirəcəyini deyir

Brüssel görüşü. Foto: Armenpress.

ABŞ və Aİ Ermənistandakı islahatları dəstəkləyəcəklərini bəyan ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüssel görüşünü ABŞ və Aİ ilə genişlənən tərəfdaşlığın nəticəsi adlandırıb.

Bu barədə aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə Brüsseldəki üçtərəfli görüşdən əvvəl mətbuat konfransında danışıb.

Əldə edilmiş tərəqqi ilə kifayətlənməyərək, biz Ermənistanın demokratik təsisatların davamlılığını gücləndirmək səylərini müzakirə edəcəyik. Əminik ki, əməkdaşlığımız insan hüquqlarına və əsas azadlıqlara hörmətə əsaslanır. Ermənistan daha güclü, daha təhlükəsiz və daha mütərəqqi ölkə qurmaq üçün ədliyyə və dövlət sektorunda islahatların aparılmasına sadiqliyini bir daha təsdiqləyir”, – Paşinyan belə deyib.

Baş nazir Avropa İttifaqı və ABŞ-la iqtisadi-ticari əlaqələrə də toxunub:

“Biz yeni bazarlara çıxmaq üçün Ermənistanda özəl sektorun rəqabət qabiliyyətini artırmaqda qərarlıyıq. Bundan əlavə, biz investisiya mühitimizi yaxşılaşdırmağa və onu Avropa və Amerika şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Tərəfdaşlarımızın Ermənistanın keyfiyyətli infrastrukturunun modernləşdirilməsində, biznes şəbəkələrinin qurulmasında və mümkün ticarətin asanlaşdırılması sxemlərinin araşdırılmasında bizə dəstək vermələrini gözləyirik”.

Nikol Paşinyan. Foto: Meydan TV

O, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 mindən çox erməninin mənzil və iqtisadi siyasət yolu ilə layiqli həyata qaytarılmasının vacibliyini vurğulayıb.

Azərbaycanla münasibətlərin tənzimlənməsindən danışan Paşinyan bir daha Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan prosesə sadiqliyini təsdiqləyib.

O əlavə edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyası və bütün regional kommunikasiyaların bloklanması prosesinə, ölkələrin suverenliyi və yurisdiksiyası, bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət edilməsinə tam sadiqdir.

Avropa İttifaqı 270 milyon qrant ayıracaq…

Avropa Komissiyasının  Prezidenti Ursula fon der Leyen “Ermənistanın Dayanıqlığı Proqramı” vasitəsilə bu ölkənin iqtisadiyyatını və cəmiyyətini daha güclü və sarsıntılara daha davamlı etmək üçün sərmayə qoyacaqlarını deyib.  

O, xüsusən də, kiçik və orta sahibkarlığa kömək məqsədi ilə 270 milyon avro qrantın ayrılacağını da qeyd edib:

“Aİ Ermənistana ilk növbədə infrastruktur layihələrinə, xüsusilə Qara Dəniz Elektrik Kabel layihəsinə, eləcə də bərpa olunan enerji istehsalına sərmayə qoyacaq. Artıq investisiya üçün yarım milyard avro səfərbər edilib. Bu, əla xəbərdir və biz daha çox şey edə bilərik. Ona görə də biz bu yaxınlarda investisiya koordinasiya platformasını işə saldıq ki, yeni layihələri müəyyən edək və onların həyata keçirilməsini sürətləndirək”.

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

Ursula fon der Leyen ölkənin üzləşdiyi çətinliklərə baxmayaraq, Ermənistanın demokratik islahatları həyata keçirmək səylərini alqışlayıb. 

O bildirib ki, Aİ məsləhətləşmələr, texniki yardım və maliyyə vasitəsilə davam edən islahatları bundan sonra da dəstəkləyəcək.

Ursula fon der Leyen Ermənistandakı qaçqınların humanitar vəziyyətinin onlar üçün prioritet olaraq qaldığını deyib:

Onlara otuz milyon avrodan çox pul verdik və daha çox iş görməyə hazırıq”.

“Biz Cənubi Qafqazın sabit və firavan regionunda Ermənistanın gələcəyi naminə birgə işləməyə davam edəcəyik”, – deyə Avropa Komissiyasının sədri fikrini yekunlaşdırıb.

Borell: “Güclü Ermənistan güclü və sabit Cənubi Qafqaz deməkdir”

Cozef Borel. Foto: AFR

Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borell bunların, sadəcə, dəstək sözləri olmadığına işarə vurub:

Ölkənin dayanıqlığını daha da yaxşılaşdırmaq üçün islahatların davam etdirilməsi vacib olacaqdır. Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsi yolu ilə islahatları dəstəkləməyə davam edəcək”.

Borell vurğulayıb ki, güclü və sabit Ermənistan daha güclü və sabit Cənubi Qafqaz deməkdir və bu, regionun bütün ölkələrinin xeyrinə olacaq.

ABŞ Ermənistana uzunmüddətli sabitlik vəd edir…

Entoni Blinken. Foto: Al Drago/Pool via AP

ABŞ Dövlət katibi Entoni Blinken isə deyib ki, Vaşinqton Azərbaycanla sülh məsələsində Ermənistanın tərəfdaşı olmaq istəyir.  

Birləşmiş Ştatlar Dağlıq Qarabağdan məcburi köçkün edilmiş ermənilərə dəstəyini davam etdirəcək ki, bu da Ermənistanın uzunmüddətli sabitliyi üçün çox vacibdir”, – deyə Blinken vurğulayıb.

Bakı regionda böyük fəlakətlərin baş verəcəyindən narahatdır…

Azərbaycanın Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdə deyib ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir:

Bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər. Biz öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik. O vaxtdan bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir”.

Foto: president.az

Brüsseldəki bugünkü görüşə gəlincə, Əliyev deyib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır:

“Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”.

2023-cü ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik”, – deyə Azərbaycanın dövlət başçısı əlavə edib.

Ana səhifəSiyasətPaşinyan Qərblə əməkdaşlığın Ermənistanı gücləndirəcəyini deyir