Paşinyan Qarabağı tərk edən ermənilərə vətəndaşlıq verilməsini tapşırıb

Qarabagdan köc. Foto: Meydan TV

Ermənistanlı ekspert isə bunu ölkənin maraqlarına zidd sayır

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.

Bu barədə noyabrın 2-də Nikol Paşinyan hökumətin iclasında danışıb.

Onun sözlərinə görə, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara yardım göstərməkdir:

Bizim siyasətimiz ondan ibarətdir ki, Dağlıq Qarabağdan deportasiya olunanların ora qayıtmaq üçün obyektiv imkanları yoxdursa, onların hamısı Ermənistanda qalsın,  burada yaşayıb işləsin. Bu proses mümkün qədər tez təşkil edilməlidir”.

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir bəzi qanunvericilik nüanslarının olduğunu və ona əməl olunmasını da vurğulayıb:

“Mən də minnətdaram ki, insanlar qanuni olaraq hər şeyin dəqiq olduğunu başa düşürlər. Gələcəkdə vətəndaşlıq və status almaq üçün düşünməliyik ki, biz pensiyaçılara hansı pensiya ödəniş sistemini, hansı prinsipləri tətbiq edək”.

Ermənistanın konstitusiya hüququ üzrə eksperti Vardan Ayvazyan yerli mediaya deyib ki, qaçqın statusu Qarabağ sakinlərinin Ermənistandan getməsini stimullaşdırır:

Bu da ölkənin maraqlarına uyğun deyil. Yüksək həyat səviyyəsi olan ölkələrdəki qaçqınlar imtiyazlardan istifadə edirlər. Belə bir qərar Ermənistana gələn Qarabağ sakinlərinin kütləvi axınına səbəb ola bilər ki, bu da ölkə üçün arzuolunmazdır”.

Vardan Ayvazyan. Foto: “armenpress”

Ekspertin fikrincə, Dağlıq Qarabağdan olan məcburi köçkünlərə qaçqın statusunun verilməsinin yeganə üstünlüyü ondan ibarətdir ki, onlar sonradan itirdikləri əmlaka görə kompensasiya tələb edəcək, ya da geri qayıdıb öz əmlaklarına sərəncam verə biləcəklər:

“Qaçqın statusu o halda verilməlidir ki, Qarabağ sakinləri Ermənistan vətəndaşlığını saxlasınlar. Ermənistan pasportu və vətəndaşlığı olan Qarabağ sakinləri ilk növbədə Silahlı Qüvvələrə mühüm töhfə verə bilərlər”.

Oktyabrın 26-da Ermənistan hökuməti Qarabağdan olan məcburi köçkünlərə qaçqın statusu verilməsi barədə qərar qəbul edib.

Ana səhifəDünyaPaşinyan Qarabağı tərk edən ermənilərə vətəndaşlıq verilməsini tapşırıb