“Laçın dəhlizi sülhməramlılarının nəzarəti altında olmalıdır, amma deyil…”
“Hazırda əsas və ən aktual məsələ Laçın dəhlizindəki böhrandır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 27-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Laçın dəhlizi 20 günə yaxındır ki, bağlıdır. Bu, Dağlıq Qarabağdakı rus sülhməramlılarının məsuliyyət sahəsidir. Üçtərəfli bəyanata görə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin, yüklərin, insanların maneəsiz keçidinə zəmanət verir”, – deyə Paşinyan bildirib.
“İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim”, – deyə Ermənistanın Baş naziri əlavə edib.
Putin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı hər iki dövlət başçısı ilə vəziyyətin nizamlanması məsələsini müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə, üçtərəfli söhbət bir gün əvvəl, dekabrın 26-da baş tutub.
“Dünən üçümüz də danışa bildik. Təbii ki, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması və Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir”, – deyə Putin bu məsələləri ətraflı müzakirə edəcəyini söyləyib.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabrında imzalanmış üştərəfli bəyanata (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.
Laçın dəhlizində nə baş verir?
2022-ci ilin dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.
Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.
Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.
Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.
Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürüblər.
Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.
Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.