Azərbaycanın XİN: “Ermənistan praktiki addımlar atmalıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan üçün bütün regional nəqliyyat kommunikasiyalarını dərhal açmağa hazır olduğunu bildirib.
O, bildirib ki, buna nəzarət üçüncü ölkə tərəfindən həyata keçirilməməlidir.
“Azərbaycanın qərbindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana, geri, Azərbaycan (Naxçıvan MR) ərazisindən keçərək Ermənistanın Meğri şəhərindən Yerasx şəhərinə qədər və geri istiqamətdə nəqliyyat yolları da daxil olmaqla, bütün regional iqtisadi, nəqliyyat xətləri açılmağa tamamilə hazırdır. Yalnız Azərbaycanın razılığı lazımdır ki, bu, həyata keçirilsin”, – Paşinyan “Armenpress” xəbər agentliyində dərc olunan məqaləsində yazıb.
O, Ermənistandan Naxçıvana keçid üçün hazırda infrastrukturun olmadığını, ancaq bunun sürətlə həll edilə biləcək məsələ olduğunu deyib. Eyni zamanda qeyd edib ki, Azərbaycanın Ermənistan üzərindən Türkiyəyə tranzit daşımları üçün infrastruktur mövcuddur:
“Yük avtomobilləri Laçın-Kornidzor istiqaməti ilə Kornidzor keçid məntəqəsindən keçərək Ermənistan ərazisinə daxil ola, bizim yollarımızla Ermənistan-Türkiyə sərhədinə gedə bilər və Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər. Eyni şey əks istiqamət üçün də keçərlidir”.
Ermənistan Baş nazirinin sözlərinə görə, onun hökuməti yükdaşımaların təhlükəsizliyini təmin etməyə hazırdır:
“Amma əgər Azərbaycan sürücüləri üçün psixoloji çətinliklər varsa, bu yükdaşımalar Türkiyə yük avtomobilləri ilə təşkil oluna bilər. Çünki bu avtomobillər həmişə səyahət edib və hazırda Ermənistan yollarında çox fəal şəkildə hərəkət edirlər”.
Paşinyan vurğulayıb ki, Ermənistan heç vaxt öz ərazisində beynəlxalq və ya Azərbaycan sərnişin, habelə yükdaşımalarının təhlükəsizliyinin başqa bir ölkəyə həvalə edilməsi öhdəliyini götürməyib.
Ermənistan hökumət başçısı ölkəsinin Azərbaycanın qərbindən Naxçıvana keçidi İranın təklif etdiyi eyni hüquqi şərtlərlə təmin etməyə hazır olduğunu bildirib:
“Bütün hallarda, deyirik ki, biz eyni hüquqi şərtlər altında eyni keçidi təmin etməyə hazırıq. Qarşılıqlılıq prinsipi əsasında, biz tranzit prosedurlarını sadələşdirmək və avtomatlaşdırılmış mexanizmləri tətbiq etməyə hazırıq”.
Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyana cavab verib.
“Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır”,- Azərbaycanın XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib.
“30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur”.
“Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib. Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır”, – XİN rəsmisi bildirib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, hazırda Azərbaycanda 14 nəfər həbsdədir və Bakıda onların məhkəmə prosesi keçirilir.
Azərbaycanla Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb.