Paşinyan: Minsk qrupunun həmsədrləri Ermənistanı Dağlıq Qarabağ statusundan imtina etməyə çağırıb

Ermənistan baş nazirinin sözlərinə görə, erməni tərəfi bu təklifdən imtina edib və iki aydan sonra aprel müharibəsi başlayıb

Nikol Paşinyan. Foto: Meydan TV

2016-cı ildə baş verən aprel müharibəsindən az əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) Ermənistandan Dağlıq Qarabağa aralıq status vermək tələbindən imtina etməyi tələb etmişdi. Bu barədə aprelin 14-də parlamentdə keçirilmiş iclasda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan mətbuatının xəbər verdiyi kimi, Paşinyan danışıq prosesinin mərhələlərini ətraflı şəkildə sadalayıb. O deyib ki, Azərbaycan Qarabağ statusu məsələsində öz mövqeyini tədricən sərtləşdirib. Bundan başqa, 2014-2015-ci illərdən etibarən Bakının bu mövqeyi ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməyə başlanıb.

“2016-cı ilin aprel müharibəsi də vasitəçilər erməni tərəfinə Dağlıq Qarabağın aralıq statusu tələbindən imtina etməsini təklif etdikdən sonra başlayıb. Mən dəqiqliyi ilə demək istəyirəm, 2016-cı ilin aprelindən iki ay əvvəl vasitəçilər erməni tərəfinə Qarabağın aralıq statusu istəyindən imtina etməyi təklif edib”, – o qeyd edib.

Paşinyanın sözlərinə görə, erməni tərəfi bu təklifdən imtina edib və iki aydan sonra aprel müharibəsi başlayıb. Həmin müharibə bir neçə ərazi itkisi hesabına Yerevanı aralıq statusu ideyasından imtina etməyə məcbur etməli idi.

O, danışıq prosesində Dağlıq Qarabağ statusu üzrə referendumun keçirilməsi haqda razılığa gəlinməsi iddiasını yanlış fikir adlandırıb. Sənədlər paketində referendum barədə maddə olub, lakin referendumun keçirilmə müddəti və “areal”ı razılaşdırılmayıb. Azərbaycan isə həmişə deyib ki, səsvermə Azərbaycan hüdudunda olmalıdır.

Onun dediyinə görə, Azərbaycanın güclənməsi məsələsində açar rolunu neft oynayıb.

“Ermənistansa “XXI əsrin nəhəng neft ehtiyatı”na malikdir – bu, mis və içməli sudur. Respublikanın mis filizini deyil, hazır metal məhsulu ixrac etməsi üçün əlimizdən gələni etməliyik. Bunun üçün kommunikasiyaların açılması lazımdır”, – Paşinyan deyib.

“Biz yanvarın 11-də Moskvada imzalanmış bəyanatın reallaşdırımasına doğru ardıcıl surətdə gedəcəyik. Bizim strateji vəzifəmiz mümkün olduğu qədər tez bir zamanda Rusiya və İranla dəmiryolu rabitəsini yaratmaqdır. Bu, o deməkdir ki, biz İran körfəzindən Qara dənizədək tranzit ərazi olacağıq”, – o əlavə edib.

Ermənistanın şərqdə Azərbaycanla, qərbdə Türkiyə ilə sərhədləri bağlıdır. Ankara Qarabağ münaqişəsinə görə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb. Ermənistanın quru tranziti şimaldan Gürcüstan, cənubdan İran vasitəsi ilə həyata keçirilir.

Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə SSRİ dövründə mövcud olan bütün nəqliyyat kommunikasiyalarının bərpa olunması ehtimalını müzakirə edir.

Ana səhifəSiyasətPaşinyan: Minsk qrupunun həmsədrləri Ermənistanı Dağlıq Qarabağ statusundan imtina etməyə çağırıb