Paşinyan: “Konstitusiya dəyişməlidir, vətəndaşla dövlət arasında uçurum var”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir Konstitusiya dəyişməzsə, sülh olmayacaq deyir

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiya referendumu barədə danışıb.

Baş nazir fevralın 1-də İctimai Televiziyaya müsahibəsində bildirib ki, Ermənistanın dövlət siyasəti Qarabağın birləşdirilməsi ilə Müstəqillik Bəyannaməsinə əsaslanacaqsa, yenə müharibə olacaq və heç vaxt sülh olmayacaq.

Paşinyan bu fikrini əsas götürərək Konstitusiyaya dəyişiklik təklif edib.

“Bəyannamə nədir? Biz bəyan etdik ki, niyə dövlət yaradırıq. Çünki bəyannamədə deyilirdi ki, müstəqil dövlət yaratmaq prosesinə başlayırıq. Və üç əsas istiqaməti vurğulayırıq: tarixi ədalət, erməni xalqının arzuları və nəhayət, Dağlıq Qarabağ Milli Şurası və Ermənistan Ali Şurasının yenidən birləşməsi haqqında qərarı”, – deyə Paşinyan suallar səsləndirib.

O, xalqı Ermənistanın vədlərinin ətraf ölkələrdə necə qəbul edilməsi barədə düşünməyə çağırıb:

Biz daim deyirik: Azərbaycan necə qəbul edir, Türkiyə necə qəbul edir? Niyə sual vermirik ki, Gürcüstan necə qəbul edir? Və niyə soruşmuruq, Gürcüstanın Ermənistanla yox, Azərbaycan və Türkiyə ilə dərin müdafiə əlaqələri var? Bu, dövlətimizin təməlini qoyduğumuz mesajlarla bağlı ola bilərmi? Növbəti sual: biz, həqiqətən, bu bəyannamə ilə münasibətimizi tənzimləməliyik? İndi sual olunur: dövlət siyasətimiz buna yönəlməlidirmi və dövlət siyasətimiz bunları rəhbər tutmalı və Dağlıq Qarabağın Milli Şurasının və Ermənistan Ali Şurasının Qarabağın birləşdirilməsi qərarına əsaslanmalıdırmı? Bu, siyasi seçim məsələsidir. Əgər belədirsə, bu o deməkdir ki, bizdə heç vaxt sülh olmayacaq, yəni müharibə olacaq”.

Paşinyanın sözlərinə görə, Ermənistanda vətəndaşla dövlət arasında uçurum var:

Bu uçurum legitimlikdə ifadə olunur. Çünki 1995-ci ildə qəbul edilmiş Konstitusiya heç vaxt Ermənistan vətəndaşının öz-özünə deyə bildiyi şəraitdə və mühitdə qəbul edilməyib. Getdi, səs verdi və Konstitusiyanı qəbul etdi. Ümumiyyətlə, bütün münasibətlərdə legitimlik çox vacibdir. Qanuni münasibət mənim sizdən və sizin məndən gözlədiklərinizdir. Legitimlik münasibətlərimizdə bir-birimizlə sərbəst ünsiyyət qura biləcəyimiz məqbul çərçivənin yaradılmasıdır”.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı  Artsvik Minasyan Baş nazirin çıxışını sərt qarşılayıb.

O, yerli jurnalistlərə deyib ki, Ermənistan hakimiyyətinin hərəkətləri Üçüncü Respublikanın məhvinə gətirib çıxarır:

Azərbaycan və Türkiyə Ermənistandan öz tarixi keçmişindən əl çəkməyi tələb etsələr belə, Ermənistan hakimiyyətinin yanaşmalarından asılı olmayaraq, bunu etmək olmaz. Əgər siz düşmənin tələblərini yerinə yetirirsinizsə, bu, onun oyun qaydalarına tabe olmaq deməkdir”.

Bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə deyib ki, Ermənistanın “Müstəqillik haqqında” Bəyannaməsində və Konstitusiyasında Qarabağın Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar yer alıb:

“Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddialar Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər”.

Yanvarın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olduğunu bildirmişdi.

Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib.

2015-ci ildə  referendum yolu ilə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

Ana səhifəSiyasətPaşinyan: “Konstitusiya dəyişməlidir, vətəndaşla dövlət arasında uçurum var”