Baş nazir nəzərəçarpacaq irəliləyişdən məmnunluğunu ifadə edib
Ermənistanla Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyiş olub.
Bu barədə Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib.
Baş nazir məmnunluğunu ifadə edib ki, nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclasında nəzərəçarpacaq irəliləyiş qeydə alınıb.
Onun sözlərinə görə, Yerevan Bakıya konkret təkliflərini verib:
“Ümid edirəm ki, təkliflərimiz qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib-hazırladığımız kompromis həllərdir”.
“Mən bir daha Ermənistanın suverenlik prinsipi, bu kommunikasiyaların keçdiyi tərəflərin yurisdiksiyası çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, Ermənistan, Rusiya və Azərbaycan başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində qeyd olunan kommunikasiyalara aiddir”, – deyə Paşinyan əlavə edib.
İyunun 2-də Moskvada İşçi qrupun iclası keçirilib.
İclasda Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası sahəsində əldə edilən irəliləyişlər müsbət hal kimi qeyd edilib.
Eyni zamanda, iki ölkə arasındakı dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub.
Mayın 25-də Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra elan edilmişdi ki, yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəhbərləri tez-tez həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə bir araya gəlir, sülh danışıqları aparır.
Lakin bu günədək tərəflər arasında, sülh sazişi imzalanmayıb.
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.