Paşinyan Köçəryan və Sarkisyanı məhkəmə ilə hədələyib

”Sizə heç kim kömək etməyəcək”

Source:
Nikol Paşinyan
Nikol Paşinyan


”Sizə heç kim kömək etməyəcək”

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan xalqa qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında dayanmalıdırlar.

Bu bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 11-də Yerevanda keçirilən mitinqdə bildirib.

“Mən bütün həbslərə görə şəxsi məsuliyyət daşıyıram. Robert Köçəryan və Serj Sarqsyandan fərqli olaraq, hüquq-mühafizə orqanlarının arxasında gizlənmirəm, xalqın mənə verdiyi mandata arxalanıram”.

N.Paşinyan 2008-ci il fevralın 23-də fövqəladə vəziyyətin elan edilməsilə bağlı ikinci prezident R.Köçəryanın niyyəti barədə faktların olduğunu bildirib.

“O, Ermənistana daxil etdiyi qoşunları Qarabağ cəbhəsindən çıxarıb, bununla da ön xətti müdafiəsiz qoyub. Bu, sübuta yetirilib. Əgər o, cinayətkar və Vətən xaini deyilsə, bəs kimdir? Qoşuna əmr verilib ki, Yerevanın Leo küçəsindəki binaların pəncərlərinə atəş açsın. Hökumət binasında oliqarxların cangüdənlərinə təxribat təşkil etmək, həmçinin 2008-ci il martın 1-də qırğın törətmək üçün xüsusi geyim verilib. Robert Köçəryanın ailəsinin milyardları var. “Konqres” mehmanxanası Köçəryanın oğluna və qızına məxsusdur. Mehmanxananın bir neçə milyon qiyməti var”.

N.Paşinyan “oğurlanmış pulları toplayıb könüllü xalqa qaytarmağa” çağırıb:

“Belə olduğu halda, onların bağışlanıb-bağışlanmaması məsələsi meydanda xalq ilə müzakirə olunacaq. Əgər bunu etməsəniz, böyük problemləriniz olacaq, sizə heç kim kömək etməyəcək. Dünyada sizə kömək edəcək qüvvə yoxdur. Mən öz xalqımın naminə həyatımdan da keçərəm və bu işin sonunadək gedəcəm”.

Həmin gün Baş nazir Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasını çağırıb. İclasda hərbi (fövqəladə) vəziyyətin tətbiqi edilməsi şəraitində dövlət qurumlarının hərəkət ssenarisini müzakirə edib.

“MTŞ, polisə göstəriş vermişəm ki, ən qısa zamanda bu xəyanətin təşkilatçılarını aşkar edərək ən ciddi məsuliyyətə cəlb etsinlər. Qanunsuz silahı olan bütün qruplaşmalar tərksilah ediləcək. Polisə və MTŞ-yə bu andan reydlərə başlamağı, oliqarxların və yüksək vəzifəli məmurların cangüdənlərini silahsızlaşdırmağı tapşırıram”, -N.Paşinyan bildirib.

R.Köçəryan ittihamlara dərhal reaksiya verib. O deyib ki, Təhlükəsizlik Xidmətinin və Ermənistan İstintaq Komitəsinin rəhbərinin açıqlanmış telefon danışıqı sübut edir ki, təqib edilməsi sifarişli xarakter daşıyır.

Siyasi icmalçı Şahin Cəfərli Ermənistanda yaranmış son durumu “Facebook” səhifəsində şərh edib.

Şahin Cəfərli bildirib ki, Baş nazirin Köçəryan və Sarkisyanı açıq şəkildə ittiham etməsi və “görəcəksiniz!” hədəsi Ermənistanda daxili mübarizənin daha da şiddətlənəcəyinə işarədir.

Şahin Cəfərli hesab edir ki, hazırda Nikol Paşinyanın əsas məqsədi mövcud parlamentdən mümkün qədər tez xilas olmaqdır.

“Ancaq erkən seçki qərarını qəbul etdirmək elə də sadə məsələ deyil. Bunun üçün gərək Baş nazir istefaya getsin və parlament yeni hökumət başçısını seçmək üçün iki dəfə uğursuz cəhd göstərsin. Heç bir təminat yoxdur ki, Paşinyan istefa verdikdən sonra parlament çoxluğu onun yerinə öz adamını seçməyəcək. Bu səbəblə Paşinyan parlamentin buraxılması prosedurunu sadələşdirmək üçün Konstitusiyanı dəyişdirmək istəyir. Lakin Konstitusiyanı istər parlamentdə, istərsə də referendum yolu ilə dəyişmək üçün də indiki parlamentə ehtiyac var”.

Onun fikrincə, beləliklə, hüquqi baxımdan ciddi tıxanıqlıq yaranıb və Paşinyanın bu mürəkkəb vəziyyətdən çıxış yolu tapıb-tapmayacağı onun siyasi gələcəyini müəyyən edəcək.

Şahin Cəfərli
Şahin Cəfərli

Siyasi icmalçı gizli dinləmələri həyata keçirən orqanın rəhbərinin özünün dinlənilməsinin “Qarabağ klanı”nın asanlıqla təslim olmayacağına işarə olduğunu düşünür.

“Məsələ ondadır ki, “Qarabağ klanı”nın arxasında xalq dəstəyi olmasa da, Rusiyanın dəstəyi var. Paşinyan bu dəqiqə həm iqtidardır, həm də müxalifət: bir tərəfdən Baş nazir kimi geniş səlahiyyətləri var, amma digər tərəfdən, parlament və dövlət aparatı, yəni sistem onun nəzarətində deyil. Dinləməni aparan qüvvə ya köhnə rejimin sistemin içindəki adamlarıdır, ya da birbaşa Rusiya kəşfiyyatı”.

Ş.Cəfərlinin fikrincə, onların telefon danışığını yaymaqda məqsədi əvvəla, klan liderlərinə qarşı aparılan istintaq işlərini istər daxili ictimai rəydə, istərsə də beynəxalq aləmdə diskreditasiya etmək, bu işlərin tamamilə siyasi mülahizələr, qisasçılıq motivi ilə aparıldığını ortaya qoymaqdır.

Digər tərəfdən, daxildə və xüsusən Qərb çevrələrində Paşinyanın demokrat, islahatçı imicinə zərbə vurmaq, sentyabrın 23-də İrəvan bələdiyyəsinə seçkilər öncəsi onu mümkün qədər nüfuzdan salıb, mövqelərini sarsıtmaq hədəflənir.

“Həm də ölkədə qiymət artımı da var. Əgər seçkidə Paşinyanın bloku paytaxtda böyük üstünlüklə qələbə çalarsa, bu, yeni Baş nazirin nüfuzunun bilavasitə xalq tərəfindən təsdiqlənməsi ilə yanaşı, onun hakimiyyətinə və addımlarına əlavə legitimlik də qazandıracaq”.

Ana səhifəXəbərlərPaşinyan Köçəryan və Sarkisyanı məhkəmə ilə hədələyib