Paşinyan hara gedir?

Məntiqlə, Rusiya hazırda özü üçün arzuladığı ən yaxşı vəziyyətdədir.

Seymur Həzi, Foto:: Meydan TV


Seçkiyə, istefaya, yoxsa yenidən hakimiyyətə?

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar seçkilər barədə qərar verib. O, “Facebook” hesabından yaydığı açıqlamasında həm də parlamentdənkənar qüvvələr də daxil olmaqla, hər kəsi yeni seçkilər barədə müzakirələrə çağırıb. Paşinyanın bu qərarı bir çox sual yaradıb? Şübhə yoxdur ki, Ermənistandakı siyasi vəziyyət bütün parametrləri ilə Azərbaycan üçün çox önəmlidir. Ona görə də, biz Paşinyanın bu qərarının nələrlə nəticələnə biləcəyini təhlil etməyə çalışacağıq…


Niyə məhz indi?

Əslində Nikolu devirmək istəyirdilər. Müxalifətin meydanlarda kifayət qədər güc toplaya bilməməsi və zaman uzandıqca etirazçıların sayının azalması belə qənaətə gəlməyə əsas verirdi ki, Paşinyan artıq özünə qarşı olan iddiaları məğlub etdi. Ona görə də onun hakimiyyətinin qeyri- hərbi yolla devrilməsi mümkün deyil, hərbi yolla isə çətindir. Yəni Paşinyan əsas riskli dövrü arxada qoydu. Xüsusilə matəm yürüşündə onun ciddi sosial dayağa sahib olduğunu demək üçün əsaslar yarandı. Epizodik etirazlar xaricində Paşinyan məğlub Ermənistanın arzuolunmaz lideri olmadığını ortaya qoydu. Aydın görünürdü ki, itkilərə rəğmən Ermənistanda yenidən Qarabağ iddialarının alovlanmasını istəyənlər çoxluq təşkil etmir. Üstəlik, əksəriyyət bu problemdən birdəfəlik qopmaq fikrindədir. Bir sözlə, Ermənistanda bundan sonra “Qarabağ” və “müharibə” şüarları heç kimi dinc və seçki yolu ilə hakimiyyətə gətirməyəcək. Ən azından bir neçə on il belə olacaq. Paşinyanın da məhz bu amilə arxayın olaraq seçki qərarı qəbul etdiyini deyə bilərik. O düşünür ki, indi “hər şeyə rəğmən qabağa baxmaq lazımdır demək”, “hakimiyyətə gələcəyik və Hadrut uğrunda döyüşəcəyik” deməkdən daha populyardır. Üstəlik, ikinci şüarın müəllifləri həm də avtoritar və kasıb Ermənistanın “müəllifləri”dir. Ona görə də, Paşinyan anlayır ki, yeni yaralar vəd edənlərin fonunda onun yaraları sarmaq və irəli baxmaq vədləri daha qəbulediləndir. Məhz indi bu qərarı verməyin ikinci mühüm faktoru həm də Paşinyanın narazılıqların yatmaqda olan dalğasını tamam basdırmaqdır. O, erməni xalqına demək istəyir ki, yeni hakimiyyəti siz seçməlisiniz, 28 il ərzində Ermənistanı “Qarabağ” kartının əsirinə çevirən və yenidən bu kartla hakimiyyətə gəlmək istəyən məlum qrup yox. Bu qrupun Yerevanda sevilmədiyi açıq və aydın görünür.


Sosial böhran dilemması

Başqa tərəfdən də, Ermənistan cəmiyyəti üçün bu gün ən ciddi problemlərdən biri sosial-iqtisadi vəziyyətdir. Yeni müharibə vədi, əslində yeni və cənnət torpaqlar vədi deyil. Çünki biz də gördük ki, ermənilər 28 illik işğal dövründə cənnət kimi bölgəni cəhənnəmə çeviriblər. Deməli, yeni müharibədə qənimət yox, daha dərin səfalət var. Davam etməkdə olan hakimiyyət isə ən azından indiki vəziyyətdən çıxmaq üçün yollar axtarmağı təklif və vəd edir.


Beynəlxalq təsirlər

Rusiyanın Paşinyanı devirmək iddiası oldumu? Ümumiyyətlə, Rusiyaya yeni erməni hakimiyyəti lazımdırmı? Bu suallara cavab tapmaq çətindir. Məntiqlə, Rusiya hazırda özü üçün arzuladığı ən yaxşı vəziyyətdədir. Ona görə də, o, ümumiyyətlə balaca Xankəndində – Gümrüdə olduğundan daha çox hərbi kontingent saxlamağı planlayır, nəinki Ermənistanın cari problemləri ilə maraqlanmağı. Onun üçün hazırda Arutunyan kimi zəif fiqurlar daha faydalıdır, nəinki Köçəryan kimi Qarabağ ermənilərinin komandanı titullu biri. Bu baxımdan Rusiya Paşinyanı sevməsə də, onu devirək üçün əlindən gələni etmək də istəmədi. Qərb isə Paşinyanın qalmasını istəyir. Çünki onun alternativləri bölgədəki balansın dəyişməsi üçün adekvat adamlar deyillər. Bütün bunlar Paşinyan üçün üstünlüklər yaradır.


Risk yoxdurmu?

Paşinyan bütün bu üstün imkanların yanında həm də riskli bir addım atır. O demək olar ki, bütün siyasi elitanı öz qarşısına alıb. Əgər o, birmənalı siyasi qələbə qazanmasa, onunla kim koalisiyaya girəcək? Ona qarşı ritorikanın sərtliyi olduqca maksimal həddədir. Başqa tərəfdən, təcrübədə belə vəziyyətlərin qutudan fərqli nəticələr çıxardığı var. Yəni etimad edilən hökumət növədənkənar seçkilərdə səs almaya bilir. Bütün hallarda isə bu növbədənkənar seçkilər hakimiyyətin qanuni varisliyi prinsipini qormağa yardımçı olacaq.


Azərbaycan üçün təsirləri

Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün əlbəttə, təsirsiz ötüşməyəcək. Bu, revanşistlərin gəlməsi gərginliyin epizodik də olsa artması kontekstində ola bilər. 10 noyabr sazişinin maddalərinin mübahisələndirilməsi kontekstində də ola bilər. Hazırki vəziyyət isə bizim üçün daha adekvatdır, çünki razılıq kiminlə əldə edilibsə, onunla davam etmək daha asandır. Baxmayaraq ki, hazırda da bi istiqamətdə işlər olduqca hamar getmir.

Ana səhifəXəbərlərPaşinyan hara gedir?