Paşinyan: “Ermənistan öz ərazilərinin bir metrini də güzəştə getməyəcək”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir referendumun keçirilə biləcəyini deyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası zamanı problem yaranarsa, referendum keçiriləcəyini istisna etməyib.

Bu barədə Baş nazir Ermənistanın Sünik vilayətinin Şinuayr kəndində olarkən danışıb.

“Nə vaxtsa Ermənistanla Azərbaycan arasında bizim 100 kvadratmetrdən, onların isə 100 kvadratmetrdən imtina etməsi məsələsi müzakirə oluna bilər. Amma bu, referendum yolu ilə həyata keçirilməlidir, yəni ona da siz qərar verməlisiniz, istəyirsiniz, yoxsa yox”, -deyə Paşinyan bildirib.

Ancaq Nikol Paşinyan bəhs etdiyi ərazilərin sərhədin hansı bölgəsində olduğu barədə məlumat verməyib.

O, hazırda qanun layihəsi üzərində işlədiklərini vurğulayıb:

“Əvvəlcədən razılaşdırılmaqla, onun təsdiqindən sonra qərar veriləcək”.

Baş nazir sakinləri əmin edib ki, Ermənistan öz ərazilərinin bir metrini də güzəştə getməyəcək. Həmçinin, “Zəngəzur dəhlizi” açılması haqda sosial şəbəkələrdə və mediada yazılanları boş söhbət adlandıraraq bunlara fikir verməməyə çağırıb.

Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan sərhədçilərinin nəzarətinə keçib.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətPaşinyan: “Ermənistan öz ərazilərinin bir metrini də güzəştə getməyəcək”