“Ermənistan tərəfi öz ərazisində azərbaycanlı hərbçilərin mövcudluğu ilə barışmayacaq. Erməni əsgərlərinin əsir götürülməsi Ermənistan Respublikasının ərazisindən oğurluqdur”.
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu barədə cümə axşamı hökumət iclasında bəyan edib.
Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi Ermənistan ordusunun altı hərbçisinin mühasirəyə alınaraq əsir götürülməsi barədə xəbər verib. Bildirilib ki, həmin hərbçilər Geqarkunik vilayətində Ermənistan ordusunun qoruduğu hərbi hissədə mühəndis işləri aparırmışlar.
Paşinyanın dediyinə görə, hərbçilərin əsir götürülməsi onlar sərhəddə minalama işləri aparakən və xəbərdaredici nişanlar qoyarkən baş verib. Bu işlər sərhədin təhlükəsizliyi səviyyəsinin yüksəlməsi üçün görülüb.
“Hərbçilərimiz Azərbaycanla sərhədin nizama salınması üzrə işlər gerçəkləşdirirdilər. Belə ki, onlar xəbərdaredici nişanlar quraşdırmaqla minalanma üzrə işlər aparırdılar, diversiya məqsədləri olmayıb. İnsident bizim ərazimizdə baş verib”, – Paşinyan cümə axşamı hökumət iclasında deyib.
“Bu cür olaylar ona görə baş verir ki, bəziləri bizim azərbaycanlı hərbçilərin ərazimizdə mövcudluğu ilə barışmağımızı istəyir, lakin belə bir şey olmayacaq”, – o əlavə edib.
“Bu, Ermənistan Respublikasının suverenliyinə birbaşa təhlükədir və onun həlli üçün bütün beynəlxalq rıçaqlardan istifadə etmək lazımdır”, – Paşinyan bəyan edib: “Azərbaycan tərəfinin digər məqsədi hər cür üsulla hərbi münaqişəyə başlamaqdır”.
Mayın 27-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətindən Azərbaycan tərəfə keçməyə cəhd göstərib. Bu zaman Ermənistanın 6 hərbi qulluqçusu “mühasirəyə alınıb və əsir götürülüb".