İstintaq Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin sonlarından hazırlanmağa başlanmış koordinasiyalı bir əməliyyat olub
Ermənistan hakimiyyəti ölkədə genişmiqyaslı dövlət çevrilişinin qarşısının alındığını bildirib.
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu, müxalifət nümayəndələri, keçmiş güc strukturları, oliqarxlar və Ermənistan Apostol Kilsəsinin bəzi üzvlərinin iştirakı ilə hazırlanmış plan idi.
“Bu, hakimiyyəti zorla ələ keçirməyə və ölkədə xaos yaratmağa yönəlmiş kriminal-oliqarxik-kilsə çevriliş cəhdi idi. Bu plan ölkə daxilindəki xainlər tərəfindən hazırlanmışdı,” – deyə Paşinyan Yerevanda keçirilən təcili brifinqdə bildirib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin sonlarından hazırlanmağa başlanmış koordinasiyalı bir əməliyyat olub. Plan çərçivəsində keçmiş hərbçilər, polis əməkdaşları və radikal fəalların daxil olduğu 250-yə yaxın “zərbə dəstəsi” yaradılıb. Onlar küçələrin bağlanması, inzibati binaların ələ keçirilməsi ilə məşğul olmalı idilər, vəzifələrinə həm də partlayışlar təşkil etmək və dövlət hakimiyyətini devirmək daxil idi – məlumatda belə deyilir.
“Armenpress” agentliyinin verdiyi məlumata görə, sui-qəsdin əsas təşkilatçısı son aylar anti-hökumət etirazlarında fəal iştirak edən və hakimiyyətin dəyişməsinə çağırış edən “Müqəddəs Mübarizə” hərəkatının lideri yepiskop Baqrat Qalstanyan hesab olunur. Onun adı “Coup Strategy” (Çevriliş Strategiyası) adlı sənəddə də çəkilir. Həmin sənəddə hakimiyyətin necə ələ keçiriləcəyi addım-addım izah olunub.
Qeyd etmək lazımdır ki, hazırda “Coup Strategy” sənədinin mövcudluğunun heç bir rəsmi təsdiqi yoxdur.
Paşinyanın sözlərinə görə, çevriliş həm daxili, həm də xarici dairələr, o cümlədən keçmiş prezidentlər və onların nəzarətində olan strukturlar tərəfindən maliyyələşdirilib.
“Bu, sadəcə uğursuz çevriliş cəhdi deyil — bu, bizim dövlətçiliyimizi məhv etməyə yönəlmiş biabırçı və xain sui-qəsddir,” – deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları operativ hərəkət edərək planın son mərhələyə keçməsinin qarşısını alıb. Əməliyyat zamanı partlayıcı maddələr, koordinasiya planları və sənədlər götürülüb. Hazırda istintaq davam edir, bəzi şübhəlilər saxlanılıb, bəziləri isə nəzarət altındadır.
2024-cü ilin noyabrından bəri Ermənistanda Paşinyanın istefası, yeni parlament seçkilərinin keçirilməsi və ölkənin xarici siyasət kursunun dəyişdirilməsi tələbi ilə fasiləsiz etiraz aksiyaları keçirilir.