Onun sözlərinə görə, Konstitusiyanın dəyişdirilməsi Azərbaycanla sülh sazişinin imzalanması üçün Bakının irəli sürdüyü iki əsas tələbdən biridir
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməzsə, o, Konstitusiyaya dəyişiklikləri şəxsən özü edəcək.
“Ermənistan qanunvericiliyinə əsasən, müqavilə Konstitusiya Məhkəməsinin rəyini almalıdır. Əgər məhkəmə sənədin Konstitusiyaya uyğun olmadığı qərarına gəlsə, qeyri-adi vəziyyət yaranacaq. Ermənistanın və mənim mövqeyim nə olacaq? Mən konstitusiya islahatlarına başlayacam, çünki sülh prosesini dayandırmaq olmaz” ,– deyə o, “Yerevan Dialogue” adlı beynəlxalq forum zamanı bildirib.
Paşinyanın sözlərinə görə, Konstitusiyanın dəyişdirilməsi Azərbaycanla sülh sazişinin imzalanması üçün Bakının irəli sürdüyü iki əsas tələbdən biridir. İkinci tələb ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir. Paşinyan bu tələbi qəbuledilən adlandırır, amma bununla belə hesab edir ki, Bakının münaqişəni Ermənistan ərazisinə keçirmək niyyətində olmadığına əmin olmaq lazım gələcək.
O əlavə edib ki, Yerevan Bakı ilə iki sənədin eyni vaxtda imzalanmasını təklif edir: biri Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət, digəri isə bütün mümkün problemləri həll edən sülh sazişidir.
“Təəssüf ki, son illərdə Azərbaycan Ermənistan ərazisinin təxminən 60%-ni “Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Biz dəfələrlə demişik ki, Ermənistan Respublikasının suveren ərazisində Qərbi Azərbaycan ola bilməz,” – deyə Paşinyan bildirib.
Ermənistan və Azərbaycan 2025-ci ilin mart ayında sülh sazişi ilə bağlı razılığa gəliblər. Sənəd 17 maddədən ibarətdir və tərəflərin bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımasını nəzərdə tutur. Bu səbəbdən də sərhədlərin delimitasiyası və demarkasiyası aparılır, diplomatik əlaqələr qurulur, üçüncü ölkələrin hərbi qüvvələrinin yerləşdirilməməsi, beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsi və saziş imzalanmazdan əvvəlki məsələlərin mübahisələndirilməməsi öhdəliyi götürülür.
Paşinyan daha əvvəl yeni bir müharibənin olmayacağını söyləmişdi. Azərbaycan Prezidenti İlham Əliyev isə bildirmişdi ki, ATƏT-in Minsk Qrupu “kömək etmək əvəzinə, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsini istəyənlərin əlində alətə çevrildi”.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.