Paşinyan: “Əliyev Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazır deyil”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir Yerevanla Bakı arasında hələ də fikir ayrılıqlarının olduğunu deyir

Əsas fikir ayrılıqları Dağlıq Qarabağa aiddir, lakin problem təkcə bununla bağlı deyil”.

Bunu mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinin Azərbaycanla hansı məsələlərdə fikir ayrılığının olması ilə bağlı sualını cavablandırarkən deyib.

O deyib ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları ilə bağlı fikir ayrılıqları var və problem hələ də qalır.

Paşinyan Azərbacanın işğal altında olan 8 kəndinin qaytarılması tələbi ilə bağlı suala belə cavab verib:

Bizim də işğal olunmuş kəndlərimiz var. Azərbaycan Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndlərini qaytarmağa hazırdırmı? Hazırdırsa, bəli, biz də hazırıq. Amma burada başqa bir sual da var: tutaq ki, Azərbaycan və ya Ermənistan ordusu bu xəttdə dayanıb və bu xəttdən uzaqlaşmalıdır, biz prinsipcə bununla razılaşırıq, amma uzaqlaşırsa, o zaman harada dayanmalıdır? Bu yer, bu xətt, necə təyin olunur? Deməli, orada sərhəd var və əgər sərhəd varsa, o zaman bu sərhədi götürək və Azərbaycan qoşunları sərhəd xəttinin bu tərəfində, Ermənistan qoşunları isə sərhəd xəttinin o tərəfində olmasın”.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən əvvəl dəfələrlə bəyan etdiyi Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazır deyil.

Jurnalistin: “Bu barədə niyə məhz indi danışılır?” sualına Paşinyan belə cavab verib:

30 ildir ki, biz fundamental problemi anlamadan öz müqəddəratını təyinetmədən danışırıq. Bəli, problemimizə sona qədər diaqnoz qoymadıq. Məqsədlər qoyduq, onları formalaşdırdıq və arxasınca getdik”.

İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda 4-cü beynəlxalq konfransda bildirib ki, sülh sazişinin mətninə qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır.

Əliyev əlavə edib ki, Azərbaycan Ermənistanın konstruktivliyinə ümid edir:

Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, – dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaq”.

Böyük Britaniyanın “Financial Times” nəşri mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəkləri haqda məlumat yayıb.

Nəşr Avropa İttifaqındakı mənbələrə istinadla yazıb ki, görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə keçiriləcək.

Həmçinin bildirilib ki, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində iyunun 1-də Kişinyovda Fransa Prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə iki ölkə liderinin daha bir görüşünün keçiriləcəyi gözlənilir.

Ancaq Bakı və Yerevan hələ Brüssel və Kişinyovdakı görüşlərin anonsunu verməyib.

N. Paşinyan bu həftə Moskvaya səfər edəcəyini və Vladimir Putinlə görüşəcəyini bildirib.

Öz növbəsində, İlham Əliyev mayın sonlarında Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçiriləcəyini deyib.

Ana səhifəSiyasətPaşinyan: “Əliyev Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazır deyil”