Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin “imperiya xəritələrində Sevan gölü yoxdur, amma Göyçə var və azərbaycanlılar oraya təkcə tankla deyil, maşınla qayıtmalıdır” açıqlamasını şərh edib.
İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı bildirmişdi ki, hazırkı Ermənistan əraziləri tarixi Azərbaycan torpaqlarıdır və azərbaycanlıların bu torpaqlara qayıtması Ermənistan dövlətini və cəmiyyətini qorxutmamalıdır. O həmçinin çar Rusiyası tərəfindən hazırlanmış xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin əksəriyyətinin Azərbaycan mənşəli olduğunu iddia edib.
Noyabrın 4-də Yerevanda keçirilən beynəlxalq sülh konfransında Paşinyana jurnalistlərdən biri Əliyevin açıqlaması ilə bağlı sual verib. Baş nazir jurnalistin sualına birbaşa cavab verməkdə tərəddüd etdiyini bildirərək deyib ki, bunun üçün əvvəlcə Azərbaycan Prezidentinin “dəqiq nə dediyini müəyyən etməli” olacaq.
Paşinyan çıxışında bildirib ki, regionda sərhədlərin müəyyənləşdirilməsi məsələsində tarixi xəritələrə istinad bəzən ziddiyyətli nəticələr doğura bilər. Onun sözlərinə görə, regionun müxtəlif imperiyaların tərkibində olduğu dövrlərdə yer adları dəyişib və bu, bugünkü siyasi reallıqlara birbaşa tətbiq edilə bilməz:
“Əgər çar dövrünə aid xəritələrə baxsaq, mən artıq Kirovabad və Kirovakanı qeyd etmişəm, amma Yelizavetpol və Aleksandropoldan danışmamışam. Başqa sözlə, biz bir seçim etməli olacağıq”, – Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, ərazi iddiaları təkcə bir tərəfli deyil və bu, iki ölkə arasında qarşılıqlı psixoloji və siyasi gərginlik yaradır:
“Ermənilər Qarabağ və Gəncəyə iddia irəli sürəndə, azərbaycanlılar da Yerevan və Sevandan danışacaq. 30 illik sosial və psixoloji reallığı sadəcə düyməni basmaqla və ya əyləci sıxmaqla dayandırmaq mümkün deyil. Bu məntiq zaman-zaman həm Azərbaycanda, həm də Ermənistanda mediada, ictimai və ekspert dairələrində, hətta ölkələrimizin rəhbərlik səviyyəsində də ifadə olunur. Biz bu fenomenlə məşğul olmaq üçün doğru formulaları tapmalıyıq”, – o qeyd edib.
Paşinyan çıxışında həmçinin tarixi keçmişə tənqidi baxışın vacibliyini vurğulayıb və millətləri tarixi miflərə qapılmamağa çağırıb:
“Əgər yunanlar Böyük İskəndəri, italyanlar da Roma imperiyasını yada salmağa başlasalar, onda hamımız hara gedib çıxarıq? Biz o tarixi oxumuşuq və mənim fikrimcə, artıq yeni bir tarix yaratmışıq. Hətta iki il də artıq tarixdir. Biz keçmişi gələcəkdən ayırmağı bacarmalıyıq”, – Paşinyan bildirib.
Baş nazir Azərbaycanın azərbaycanlıların Ermənistana qayıtması təklifinə münasibət bildirərək bu təşəbbüsü “təhlükəli” adlandırıb.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulmasını və sülhün təmin olunmasını özündə əks etdirir. ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək “Tramp marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
1987-1988-ci illərdə Azərbaycanla Ermənistan arasında Birinci Qarabağ müharibəsi başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı.