Paşinyan: Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz

“Sadəcə, Dağlıq Qarabağın Azərbaycan ordusunu atəşə tutan ərazilərini vurmaq məcburiyyətində qaldı, məsələn, Xankəndindəki silah anbarını və hərbi hissələrini”.

Source: Архив


Siyasi şərhçi: “Paşinyanın dedikləri demoqogiya və gülüncdür”

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağın heç vaxt Azərbaycanın olmadığını və bundan sonra da olmayacağını bildirib.

Baş nazir bu barədə Rusiyanın RBK kanalına müsahibəsində

danışıb

.

Baş nazir deyib ki, Azərbaycan israrla Dağlıq Qarabağın onun bir hissəsi olduğunu deyirsə və onlar həqiqətən də düşünürsə ki, qarabağlılar və azərbaycanlılar birlikdə yaşaya bilər, belə çıxır ki, onlar elə öz şəhərlərini dağıdırlar:

“Gəlin, İlham Əliyevin bu fikrinin məntiqi ardıcıllığına baxaq. O düşünür ki, Stepanakerti (Xankəndi) bombalayacaq, bundan sonra isə qarabağlılar Azərbaycanın tərkibində yaşayacaqlar? Bu yanaşma bir daha sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və heç vaxt olmayacaq. Bu, artıq mümkün deyil. 100 faiz. Və bu, Azərbaycanın hərəkətləri ilə sübut edilir".

Siyasi icmalçı Rauf Mirqədirov Nikol Paşinyanın dediklərini demoqogiya və gülünc adlandırıb:

“Məsələ ondan ibarətdir ki, qanuna tabe olmayan əraziləri hüquqi müstəviyə qaytarmaq lazımdır. Eyni zamanda, aparılan hərbi əməliyyatlar orda yaşayan ermənilərin də maraqlarına cavab verir, çünki onlar beynəlxalq hüquqdan kənardadırlar, belə olanda problem həll olunmalıdır. Uzun müddət belə davam edə bilməzdi. Ona görə də onun müqayisəsi gülünc və demoqogiyadır”.

Rauf Mirqədirovun sözlərinə görə, indiki situasiyanın yaranmasında əsas günahkar Ermənistandır:

“Paşinyan real məsələlərlə məşğul olmaq əvəzinə populizmlə məşğuldur. Məgər İkinci Dünya savaşında SSRİ rəhbərliyi faşistlərin işğalı altında olan Kiyevi bombalayanda orda mülki əhali yaşamırdı? Əlbəttə yaşayırdı. Ancaq buna məcbur idi, çünki hərbi hava qüvvələriylə faşistlərin bazalarını sıradan çıxartmasaydı, hücumla şəhəri ala bilməzdi”.

Rauf Mirqədirov xatırladıb ki, 1994-cü ildə imzalanan atəşkəsdən sonra Azərbaycan Dağlıq Qarabağda dinc əhali yaşayan əraziləri atəşə məruz qoymayıb, hətta 2016-cı ilin aprel əməliyyatları zamanı da:

C1AB4AC1-713E-423A-A95C-8A1D56ED9751_cx0_cy5_cw0_w1200_r1_s.jpg
Rauf Mirqədirov

“Hazırda genişmiqyaslı müharibə gedir və Azərbaycan hərbi əməliyyatlara əhalinin yaşamadığı ərazilərdən başladı, şimal istiqamətində Murov dağ, cənub istiqamətində isə Cəbrayıl-Füzulu tərəfindən hücuma keçdi. Bu istiqamətlərin heç birində dinc əhali yaşamır. Buna baxmayaraq ermənilər Dağlıq Qarabağın mülki əhali yaşayan ərazilərindən və Ermənistanın bir sıra rayonlarından Azərbaycan ordusunu atəşə tutdular. Amma Azərbaycan indiyə qədər Ermənistan ərazilərindəki həmin atəş açılan nöqtələri vurmayıb. Sadəcə, Dağlıq Qarabağın Azərbaycan ordusunu atəşə tutan ərazilərini vurmaq məcburiyyətində qaldı, məsələn, Xankəndindəki silah anbarını və hərbi hissələrini. İkinci, Dağlıq Qarabağ ətrafındakı rayonlar, əsasən Kəlbəcər və Laçının işğalından sonra münaqişə Azərbaycan-Ermənistan arasında müharibəyə çevrildi. Ona qədər Bakı Azərbaycan qanunlarına tabe olmayan separatçılarla döyüşürdü. Bütün dünyada əlinə silah alan adam özünü qanundan kənarda qoyur və bu, qeyri-qanuni hərbi birləşmələr adlanır. Hətta demokratik sayılan İngiltərə İrlandiyada separatçıları sıradan çıxartmaq üçün qoşun yeritmədimi, gücdən istifadə etmədimi? Sonra danışıqlar yoluyla problemin həlli modeli tapıldı. Üçüncü, Ermənistanın Baş naziri Paşinyanın oğlu könüllü olaraq Dağlıq Qarabağda hərbi xidmətə gedirsə, Azərbaycanın öz vətəndaşlarıyla müharibə apardığını iddia etmək, iyrənc yalandır. Əslində, Azərbaycanın tam ixtiyarı var ki, həmin şəhərləri döyüşlə alsın. Ancaq Azərbaycan hələ ermənilərin yaşamadığı Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyə çalışır. Söhbət faktiki olaraq başqa dövlət tərəfindən işğal olunmuş ərazilərdən gedir. Hələ 2011-ci ildə İlham Əliyev Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın irəli sürdüyü variantı ermənilərə təklif şəklində etdi, yəni ətraf rayonlar azad edilir, məcburi köçkünlər qayıdır, əlaqələr bərpa olunur, Dağlıq Qarabağa keçici status verilir, qeyri-müəyyən müddətə. Amma Ermənistan bundan da imtina etdi. Belə olduqda, Azərbaycan qanuna tabe olmayan ərazilərində qayda- qanun yaratmalıydı. Və nəzərə alın ki, orda başqa dövlətin hərbi birləşmələri də var”.

Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi birləşmələrinin təmas xəttində atəşkəs pozulub, müharibə başlayıb. Azərbaycan tərəfi bir sıra kənd və yüksəklikləri, eləcə də Cəbrayıl rayonunu işğaldan azad etdiyini deyir. Hər iki tərəfdə mülki şəxslər arasında ölən va yaralananlar var.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətPaşinyan: Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz