“Saziş layihəsi ilkin xarakter daşıyır və imzalanması barədə danışmaq tezdir”
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə Azərbaycanla sülh müqaviləsinin imzalanacağına az ehtimal verir.
Bu barədə mayın 11-də Nikol Paşinyan hökumətin iclasında deyib.
O qeyd edib ki, Azərbaycanın Ermənistana təcavüzü fonunda mayın 14-nə planlaşdırılan danışıqlar üçün Brüsselə getmək qərarını dəyişməyib.
“Mən bu suala da cavab vermək istəyirəm: bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə qədərdir? Təəssüf ki, belə bir ehtimal çox azdır. Çünki sülh və dövlətlərarası münasibətlərə dair ikitərəfli saziş layihəsi ilkin xarakter daşıyır və onun imzalanması barədə danışmaq hələ tezdir. Digər tərəfdən, bizim qarşımızda bu sənədi mümkün qədər tez yekunlaşdırmaq və imzalanmağa hazırlamaq vəzifəsi var”, – deyə Baş nazir fikrini tamamlayıb.
Bu gün Ermənistan və Azərbaycan sərhədində atəşkəsin pozulması nəticəsində tərəflər itkiyə məruz qalıb.
Bildirilir ki, Azərbaycanın bir əsgəri həlak olub, biri yaralanıb, Ermənistan tərəfdən isə 3 əsgər yaralanıb.
Azərbaycan Xarici İşlər Naizrliyi mayın 11-də yaydığı açıqlamada baş verənləri sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda Ermənistanın sülh prosesində maraqlı olmadığını qeyd edib:
“Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”.