Baş nazir sülh məsələsinə də toxunub, Bakı və Yerevan arasında etimadın olmadığını bildirib
Ermənistan müdafiə xərclərini iki dəfədən çox artırıb.
Baş nazir Nikol Paşinyan isə bunu müharibəyə yox, sülhə hazırlıq kimi qiymətləndirir.
O, bu barədə noyabrın 16-da parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
Paşinyanın sözlərinə görə, vətəndaşların təhlükəsizlik hissi sülh və sabitliyin əsas təminatçısıdır.
Baş nazir deyib ki, bütün qonşu ölkələr Ermənistanın heç kimə hücum etmək niyyətində olmadığını bilir:
“Bu kontekstdə iki səbəbdən Silahlı Qüvvələrdə islahatlarla bağlı səslənən narahatlığı səmimi hesab etmirəm. Birincisi, silahlı qüvvələrini islahat etmək hər bir müstəqil dövlətin təkcə hüququ deyil, həm də borcudur ki, biz bunu edirik. İkincisi, son on ildə Azərbaycanın hərbi xərcləri orta hesabla Ermənistanınkından bir neçə dəfə çox olub. Onlar belə qalmaqda davam edirlər”.
“Dünyada bir neçə ölkə var ki, öz təhlükəsizliyini yalnız öz ordusu ilə təmin edə bilər. Ordumuz hələ ki buna qadir deyil”, – bunu da Paşinyan deyib.
O, bəyan edib ki, uzun illər Qarabağ məsələsi Ermənistanın dövlətçiliyinin möhkəmlənməsinə qarşı bir alət kimi istifadə edilib.
Baş nazirin fikrincə, Ermənistanın Qarabağ məsələsində istədiklərinə ən azı 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi:
“Həmin sammitdə Ermənistan istisna olmaqla, konsensusa qoşulanların hamısı rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi Qarabağ məsələsi ilə bağlı istəklərimizin mümkün olduğuna və bunun mütləq baş verəcəyinə inandırdı. Ancaq bununla yalnız bir məqsəd güdürdülər: Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq. Beləliklə, bizi ruhlandıranlar Qarabağ məsələsindən Ermənistanın mövcudluğunun de-fakto və ya de-yure dayandırılmasına gətirib çıxaracaq həddə qədər vasitə kimi istifadə ediblər. Deməli, 1996-cı ildən Qarabağ yox, Ermənistan Respublikası məsələsi var idi və 1998-ci il, 27 oktyabr 1999-cu il, 2020-ci və 2023-cü il hadisələri bu kontekstdə nəzərdən keçirilməlidir”.
“Hazırda Ermənistanda təfəkkür dəyişikliyi baş verir, vətənpərvərliyin əyalət və ya sovet modeli dövlət vətənpərvərlik modeli ilə əvəz olunur“, – deyə o əlavə edib.
Baş Nazir Azərbaycanla sülh müqaviləsinin tərəflərin etimadsızlığı səbəbindən imzalanmadığını deyib:
“Bu, dialoqu ləngidən və tərəfləri dəfələrlə ifadələr üzərində razılığa gəlməyə məcbur edəndir. Hakimiyyət prosesi və diplomatik işi gücləndirmək niyyətindədir. Nazirlər Kabineti sülh müqaviləsi imzalamağa hazırdır, lakin təkcə Yerevanın iradəsi kifayət etmir. Bizə Bakı tərəfdən hazırlıq lazımdır“.
Amma o, sənədin əsas prinsiplərinin tərəflər arasında razılaşdırıldığını da deyib.
Onun sözlərinə görə, Yerevanın yaxın aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi sarsılmaz olaraq qalır, lakin aydınlaşdırılmalı bir neçə məsələ var:
“Biri sülh sazişinin məzmununun mümkün yanlış təfsirlərinin aradan qaldırılması mexanizminin formalaşdırılması, digəri sülh sazişinin imzalanmasından sonra heç bir eskalasiyanın mümkün olmaması üçün təhlükəsizlik təminatlarının yaradılmasıdır”.
2022-ci ilin dekabrın 7-də Ermənistanın Maliyyə Nazirliyinin rəhbəri Tiqran Xaçatryan bu il müdafiə sektoruna 517 milyard dram (1,3 milyard dollar) xərcləmək niyyətində olduğunu demişdi:
“Elan edilmiş məbləğ 2022-ci ilin büdcəsində nəzərdə tutulan xərclərdən təxminən 50 faiz çoxdur. Müdafiə xərclərinin artırılması sərhədlərimizin mühafizəsini xeyli gücləndirəcək”.
O həmçinin bildirmişdi ki, xərclərin artımının əsas hissəsi müdafiə, iqtisadi və rifah proqramlarından gəlir.