Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin bugünkü iclasında səsləndirdiyi fikirlərə reaksiya verib.
Nazirlik bildirib ki, Nikol Paşinyan növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlayıb.
XİN qeyd edib ki, Ermənistandan “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verilməsi heç bir məntiqə sığmır:
“Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməsinə mənəvi haqqı yoxdur”.
“Erməni sakinlərin, həqiqətən də, iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi mümkündür. Ermənistan əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir”, – deyə XİN bildirib.
Rəsmi Bakı hələ ki Paşinyanın fikirlərini şərh etməyib
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin sülh gündəliyinə sadiq qaldığını deyib.
O, rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti pozmağa yönəlmiş addımlardan çəkinməyə çağırıb.
Bu barədə avqustun 11-də Baş nazir hökumətin iclasında bildirib.
Paşinyan deyib ki, Dağlıq Qarabağdakı vəziyyətin ən yaxşı həlli Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni blokadasının götürülməsi, beynəlxalq mexanizm çərçivəsində Stepanakert (Xankəndi) – Bakı dialoqunun başlanmasıdır.
Onun sözlərinə görə, Dağlıq Qarabağda humanitar böhran dərinləşməkdə və genişlənməkdə davam edir:
“2022-ci ilin dekabrından Azərbaycan Laçın dəhlizini qanunsuz olaraq bağlayıb, kommersiya tədarükünü qadağan edib. Yəni Dağlıq Qarabağda fəaliyyət göstərən mağaza və apteklərdə məhsul çeşidinin xarici təchizatı yoxdur. İyunun 15-dən Azərbaycan Dağlıq Qarabağa humanitar yüklərin, o cümlədən BQXK vasitəsilə çatdırılmasını əngəlləyib”.
“Humanitar böhran kontekstində bu il iyulun 26-da Ermənistan hökumət komissiyası Dağlıq Qarabağa humanitar yüklərin göndərilməsi barədə qərar qəbul edib. Dağlıq Qarabağa göndərilən 19 yük maşını hələ də Sünik rayonunun Kornidzor hissəsində dayanıb – Laçın dəhlizinin yaxınlığında”, – deyə hökumət başçısı qeyd edib.
Paşinyanın iddiasına görə, Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar böhran yaratmaq siyasəti BMT-nin “Hüquqların qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası nöqteyi-nəzərindən qiymətləndirilə bilər.
Dövlət başçısı İlham Əliyev avqustun 1-də “Euronews” kanalına müsahibəsində bildirmişdi ki, Azərbaycan Ermənistanla sülh istəyir:
“Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”.
“Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”, – deyə Əliyev qeyd edib.
İlham Əliyev Laçın dəhlizi, sərhəd-keçid məntəqəsi və bu, çox mühüm keçid yolu məsələsinin indi sülhə əngəl olan əsas maneələrdən biri olduğunu düşünmədiyini də demişdi:
“Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda yerində dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Yeganə əngəl Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi idi. Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram”.
Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.