Paşinyan Bakını BƏM-in qərarını icra etməməkdə günahlandırır

Nikol Paşinyan. Foto: Meydan TV

O, Xankəndi yolundakı son hərbi toqquşmanı da Azərbaycanın təxribatı adlandırıb

“Azərbaycan martın 5-də törədilən terror aktı ilə bir sıra məqsədlər güdürdü. İlk növbədə, Bakı Dağlıq Qarabağ nümayəndələri ilə gələcək danışıqları pozmağa və yeni hərbi təxribat üçün zəmin hazırlamağa çalışır. Eyni zamanda, dünən Dağlıq Qarabağ Xarici İşlər Nazirliyi bəyanat yayıb və həmin bəyanatda Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğunu bildirib və bu, son dərəcə mühüm bəyanatdır”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan martın 9-da hökumətin iclasında səsləndirib.

Baş nazir Bakı ilə Xankəndi (Stepanakert) arasında fasiləsiz və institusional dialoq üçün etibarlı beynəlxalq mexanizmlərin yaradılmasını zəruri hesab edib.

Paşinyan əlavə edib ki, Bakı 5 mart hadisəsini Ermənistandan Qarabağa silah-sursat daşınmasının “sübutu” kimi təqdim etmək istəyirdi:

Amma bu iki səbəbə görə mümkün olmadı. Birincisi, maşın Stepanakertə (Xankəndiyə) yox, Stepanakertdən (Xankəndidən) gedirdi. İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin hücumu və UAZ-ın Stepanakertdən (Xankəndidən) hadisə yerinə gedən trayektoriyası Dağlıq Qarabağ Daxili İşlər Nazirliyinin kameraları tərəfindən lentə alınıb ki, bu da polis maşınında  başqa heç nə olmadığını göstərir“.

Onun sözlərinə görə, Azərbaycanın daha bir mühüm məqsədi bu idi ki, qanlı terrorla yeni söz-söhbətlər, informasiya axınları formalaşdırsın:

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM – red) Laçın dəhlizinin açılışı ilə bağlı qərarına açıq şəkildə əməl etmir. Məhkəmənin hüquqi qüvvəyə malik olan qərarına görə, Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinə təminat vermək üçün bütün tədbirləri görsün. Artıq 15 gündür ki, bu qərar icra olunmur və burada məsuliyyət Bakının üzərinə düşür. Əksinə, Azərbaycan Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirmək üçün yeni təxribatlara əl atır“.

Aydın olur ki, Azərbaycanın yeni təcavüzünün və Dağlıq Qarabağ əhalisinin etnik təmizləmə və soyqırımına açıq hazırlığının qarşısını almaq üçün Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi zərurəti getdikcə aktuallaşır“, – deyə Baş nazir fikrini yekunlaşdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda deyib ki, Bakı Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlindən gələni etdi:

Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib”.

Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq – ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır. Bu, güclə dəyişdirilə bilməz. Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik”, – deyə Əliyev əlavə edib.

Martın 5-də Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında atışma yaşanıb.

Nəticədə hər iki tərəfdən 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Tərəflə atəşkəsin pozulmasında bir-birlərini günahlandırıblar.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətPaşinyan Bakını BƏM-in qərarını icra etməməkdə günahlandırır