Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 29-da jurnalistlərə açıqlamasında Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji şəbəkələri ilə birləşdirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
Paşinyanın sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq bazarlarda güclü enerji ixracatçısına çevirə bilər. O qeyd edib ki, bu təşəbbüs eyni zamanda “yeni təhlükəsizlik arxitekturasının əsasını” təşkil edəcək.
Baş nazir vurğulayıb ki, hazırda həm Ermənistan, həm də Azərbaycan artıq enerji istehsalı güclərinə malikdir və bu amil qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlar yaradır.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycan infrastrukturundan istifadə etməklə daha geniş ixrac bazarlarına çıxmaqda maraqlıdır. Eyni zamanda Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvana və digər istiqamətlərə elektrik enerjisinin tranzitini həyata keçirmək imkanı əldə edə bilər.
O bildirib ki, layihə təkcə birbaşa enerji ticarəti ilə məhdudlaşmayacaq, həm də tranzit haqları hesabına Ermənistana sabit gəlir gətirəcək. Bu gəlirlər həm dövlət büdcəsinə, həm də özəl şirkətlərin hesablarına yönələcək.
Paşinyan əlavə edib ki, ekspert səviyyəsində aparılan qiymətləndirmələr nəticəsində bu təşəbbüsdən irəli gələn hər hansı təhlükə müəyyən edilməyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən ölkə Prezidenti Vaaqn Xaçatryanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkürlə bağlı səsləndirilən tənqidlərə də münasibət bildirib.
Paşinyan qeyd edib ki, o da bir sıra qərarlara görə Azərbaycan Prezidentinə açıq şəkildə minnətdarlığını ifadə edib. Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisindən Ermənistana taxıl və dizel yanacağı daşınır, eyni zamanda yolların blokdan çıxarılması prosesi həyata keçirilir.
“Bu qərarlara görə Azərbaycanı tənqid etməli olduğumuzu düşünmürəm”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyan eyni zamanda bir daha vurğulayıb ki, “Qarabağ hərəkatı” davam etməməlidir. Onun sözlərinə görə, Baş nazir kimi bu siyasi xəttə sadiqdir və onu həyata keçirməyə davam edəcək.
“Əgər vətəndaşlar bu siyasətlə razı deyillərsə, onları küçələrə çıxmağa və inqilab həyata keçirməyə çağırıram”, – deyə Paşinyan bildirib.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətni paraflayıb. Paraflanan sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və qarşılıqlı iddiaların geri çəkilməsini nəzərdə tutur. ABŞ Prezidentinin iştirakı ilə görüşdə bəyannamə də imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradılacaq.