XİN Paşinyana cavab verdi (yenilənib)

Nikol Paşinyan. Foto: Meydan TV

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində səsləndirdiyi fikirlərə reaksiya verib.

Nazirlik hesab edir ki, Paşinyan çıxışı ilə Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıdır:

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir. 30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassızdır”.

“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda, bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. Bundan əlavə,  Yerevanın Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir”, – deyə XİN əlavə edib.

Sonda qeyd olunub ki, Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan Baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir.


“Azərbaycanın məqsədi bizi seçkidə uğursuzluğa düçar etmək idi”

Oktyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin plenar iclasında çıxış edib.

Nikol Paşinyan 2020-ci ildə olan 44 günlük müharibənin mənfi təsirlərinə rəğmən parlament seçkilərində partiyasının üstünlük qazandığını qeyd edib:

Müharibənin ağır nəticələri ilə bağlı yaranmış sosial-psixoloji böhrandan çıxmaq üçün hakim qüvvə növbədənkənar parlament seçkilərinə getməyə qərar verdi. Bu məqsədlə Baş nazir vəzifəsindən istefa verdim. Parlamentin buraxılmasından iki gün sonra, 2021-ci il mayın 12-də Azərbaycan qoşunları Ermənistanla sərhədi pozaraq Ermənistanın suveren ərazisinə soxuldu. Bu vəziyyətdə Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT və ikitərəfli səviyyədə təhlükəsizlik öhdəliyi olan dövlətlər bizə heç bir kömək etmədilər, bizi tək qoydular”.

Paşinyan deyib ki, Azərbaycan ordusunun təxribatının məqsədi parlament seçkilərində onları uğursuz vəziyyətə salmaq olub:

Həm də Ermənistanın dövlətçiliyini iflic vəziyyətə salmaq və ya ən azından xarici qüvvələrdən asılı hökumət qurmaq idi. Amma Ermənistan xalqı suverenliyin, müstəqilliyin və demokratiyanın müdafiəsində möhkəm dayana bildi. Beynəlxalq səviyyədə azad, demokratik, şəffaf və rəqabətli seçkilər təşkil edildi. Ermənistan tarixində ilk dəfə olaraq seçkilər daxili böhrandan çıxış yolu oldu, əksinə yox. Ermənistanın 2018-ci il demokratik inqilabdan əvvəl və sonrakı əsas fərqi də budur”.

O bildirib ki, Ermənistanda inqilabdan sonra seçkilərin nəticələri heç vaxt saxtalaşdırılmayıb.

“Lakin Ermənistanda demokratiya az qala təkrarlanan ssenari üzrə güclü zərbələr alıb və almaqda davam edir. Xarici təcavüz, daha sonra Ermənistanın müttəfiqlərinin təhlükəsizlik sahəsində fəaliyyətsizliyi, müharibə və ya humanitar böhran və ya təhlükəsizliyə xarici təhdid… Bütün bunlar xarici qüvvələr tərəfindən edilirdi”, – deyə Baş nazir vurğulayıb.

Baş nazir Ermənistanın ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu da bildirib:

Biz ilin sonuna kimi Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalamağa hazırıq. Həmçinin, Ermənistanın cənubunu Azərbaycanla və Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırdır. Bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək. Bundan əlavə 1991-ci il sərhəd xəttindən qoşunların çıxarılmasına hazırıq, bu o deməkdir ki, Azərbaycanın Ermənistan ərazisinin heç bir hissəsində, Ermənistanın isə Azərbaycan ərazisində qoşunları olmayacaq”.

Rəsmi Bakı hələ ki Paşinyanın çıxışına reaksiya verməyib.

Ana səhifəSiyasətXİN Paşinyana cavab verdi (yenilənib)