Ermənistan bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazırdır.
“Armenpress”in məlumatına görə, Ermənistanın Baş naziri Paşinyan bu fikirləri 2026-cı il üçün “Ermənistan Respublikasının Dövlət Büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Assambleyanın daimi komissiyalarının birgə iclasında səsləndirib.
“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, – Baş nazir bildirib.
“Biz ilk dəfə olaraq Ermənistanın büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə edirik”, – deyə o əlavə edib.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
Nikol Paşinyan həmçinin bildirib ki, 2026-cı ildə keçiriləcək parlament seçkiləri ölkənin sülh və sabitlik yolunu müəyyən edəcək.
“2026-cı il sülh üçün həlledici əhəmiyyət kəsb edəcək, çünki iyunda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Ermənistan xalqı öz seçimi ilə sülhün tərəfdarı olmalıdır. Məhz bunda qarşıdakı seçkilərin əsas siyasi mənası və məqsədi dayanır. Əks halda Ermənistan yenidən münaqişəyə yuvarlanacaq. Sülhü dəstəkləməklə Ermənistan xalqı eyni zamanda öz müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin yeni mərhələsini möhkəmləndirmiş olacaq”, – Paşinyan vurğulayıb.