“Pasha Holding”in daha bir əməkdaşı nazir müavini olub

Foto: “Pasha Holding”

Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyinə gətirilib

Hakim ailəyə məxsus “Pasha Holding” MMC-nin daha bir əməkdaşı vəzifəyə gətirilib. Prezident İlham Əliyevin martın 15-də imzaladığı sərəncamla Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

APA-nın məlumatına görə, 37 yaşlı Vüqar Mustafayev Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını, 2013-cü ildə isə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” fakültəsinin magistr proqramını bitirib.

 “Ernst & Young CIS B.V” audit şirkətində, “Azerfon” MMC-də çalışıb. 2014-cü ildən etibarən isə “Pasha Holding” MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.

Vüqar Mustafayev. Foto: sosial şəbəkə

Öncə İcraçı Direktorun müşaviri, “Pasha Sığorta” ASC və “Pasha Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib.

2021-ci ildə şirkətin Türkiyədəki Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

Ötən ilin dekabrında “Pasha Holding”in daha bir əməkdaşı – Aqil Səlim oğlu Qurbanov da müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Prezident İlham Əliyevin xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın qohumları – Paşayevlərin yaratdığı bu holdinqə nəzarət sonradan Əliyevin qızları Leyla və Arzuya keçib. Hazırda bu şirkət Əliyeva bacılarına məxsusdur.

Ana səhifəSiyasət“Pasha Holding”in daha bir əməkdaşı nazir müavini olub