Paşazadənin şəriki: Ölkənin dini lideri məni və ailəmi pis vəziyyətə salıb

“Müstəntiq mənə dedi ki, mən qələməm, yaz deyirlər, yazıram”

Source:



“Müstəntiq mənə dedi ki, mən qələməm, yaz deyirlər, yazıram”

Bakı Ağır Cinayətlər Məhkəməsində Paşazadələrin şəriki olmuş Müğdət Həşimovun məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi məhkəmədə Müğdət Həşimovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib.

E.Sadıqov İsmayıl Abbasov adlı şəxsin əlavə şahid kimi çağırılmasını istəyib. Bildirib ki, adıçəkilən şəxs mülki iddiaçı Ramazan Zeynalovun (Hacı Mazan) nümayəndəsi olub. Vəkilin sözlərinə görə, İsmayıl Abbasov iddiaçının ərizəsini özü imzalayıb. E. Sadıqov bildirib ki, bu, qanun pozuntusudur.

Vəkil Cavad Cavadov adlı şəxsin də məhkəməyə gətirilməsini istəyib: “Klinikada yoxlama aparılarkən, audit tələb olunan zaman adını çəkdiyim şəxs ekspert kimi iştirak edib və avadanlıqların yoxlanmasında, qiymətləndirilməsində iştirak edib. Hesab edirik ki, onun da dindirilməsi vacibdir”.

Elçin Sadıqov ötən prosesdə ifadə verən şeyxin yaxın adamı Ramazan Zeynalovun (Hacı Mazan) yenidən məhkəməyə çağırılması barədə də vəsatət verib.

Məhkəmə vəsatətləri təmin edib.

İclasda çıxış edən Müğdət Həşimov günahsız yerə, Allahşükür Paşazadənin qardaşı deputat Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib.

Deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayan Müğdət Həşimov müqavilənin heç bir şərtini pozmadığını bildirib.

Müqavilənin şərtlərinə görə, M. Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.

Hakim isə bildirib ki, zərərçəkmiş Ramazan Zeynalov şərik olduqları klinikaya alınan avadanlıqların keyfiyyətsiz və köhnə olması ilə bağlı məhkəmədə fikir bildirib. Hakim M.Həşimovdan bu iddiaları rədd edən sübutları məhkəməyə təqdim etməsini istəyib:

“Siz ittiham üzrə danışın. Ramazan Zeynalov avadanlıqların köhnə və keyfiyyətsiz olduğunu, buna görə hətta bir nəfərin öldüyünü deyir. Siz həmin klinikanın təsisçisi olmusunuz. Siz bunun əksin sübut edən sənədləri məhkəməyə təqdim edin”.

Müğdət Həşimov hakimin qeyd etdiyi sənədləri məhkəmənin növbəti iclasınadək təqdim etməyə çalışacağını bildirib.

M. Həşimov klinikadakı ölüm hadisəsindən sonra aidiyyəti qurumlar tərəfindən yoxlama aparıldığını deyib:

“Hacı Mazan bir nəfərin öldüyünü deyir. Həmin hadisədən sonra Baş Prokurorluqdan, Səhiyyə Nazirliyindən yoxlama gəldi. Araşdırma aparıldı, sertifikatlar yoxlanıldı. Bu ölüm hadisəsindən əvvəl belə sertifikat olmasaydı, klinikanın 1 saat işləməsinə icazə verilməzdi. Bunu deməkdə məqsədim budur ki, avadanlıqlar nə keyfiyyətsiz, nə də köhnə olub. Mən Cavanşir Paşazadənin sifarişi ilə həbs edilmişəm. Bunu hamı bilir. Klinikada olan avadanlıqlarla bağlı deyilənlər yalandır. İşi aparan müstəntiq mənə dedi ki, “mən qələməm, yaz deyirlər, yazıram”. Bu söz-söhbətlər başlayanda bir neçə dəfə Paşazadələrlə danışığa getdim. Ölkənin dini lideri məni və ailəmi pis vəziyyətə salıb. Özüm günahsız yerə aylardır həbsdəyəm. Aydın məsələdir ki, bu iş mülki işdir və mən sifarişlə həbs edilmişəm”.

Hakim növbəti dəfə Müğdət Həşimova ona aid olan ittiham üzrə danışması ilə bağlı xəbərdarlıq edib: “Mən sizə başqa məsələ barədə sual verirəm, amma siz tam fərqli mövzuda danışırsınız. Avadanlıqlar təzədirsə, sənədləri təqdim edin. Bu işin mülki iş olduğunu sübut edin, faktlar təqdim edin, araşdıraq. Ayrı-ayrı şəxslər haqda ittihamlar səsləndirməyə ehtiyac yoxdur. Kiminsə sizi şərləyərək həbs etdirdiyini iddia edirsinizsə, bunu sübut edən faktlar ortaya qoyun. Prokurorluğa müraciət edin. Siz mənim üçün sadəcə olaraq vətəndaşsınız”.

M. Həşimov deyib ki, tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə Həşimov arasında bölünəcəkdi:

“Bu işi kimlərin etdiyini necə deməyim? Klinika üçün ayrılan, bankdan götürülən ümumi 840 min manatın nəyə və hara xərclənməsi ilə bağlı istintaqa siyahı təqdim etmişəm. Bir məsələni də diqqətinizə çatdırım ki, Paşazadələrlə imzalanan müqavilədə mənim öhdəliyim avadanlıqların təzə olması deyildi. Bankdan götürülən 700 min manatı ödəmək idi. Bu öhdəliyi də yerinə yetirirdim. Müqavilə də 2018-ci ilə qədər idi. Aylıq 20 min manat kredit ödəyirdim. Amma razılığı onlar pozdular. Dəfələrlə danışığa getdim. Bu işi sülh yolu ilə həll etməyə çalışdım. Danışıqlar müddətində işləmədiyim halda 3 ay 20 min, cəmi 60 min manat krediti cibimdən ödədim. Ailəm pis vəziyyətə düşdü, bütün əmlakım əlimdən çıxdı. Özüm həbs edildim. Bəs, indi başıma gələnləri necə damışmayım?”

Proses dekabrın 26-da davam edəcək.

Klinika C.Paşazadənin adına olan qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq fəaliyyətə başlayıb. Həmin müddət ərzində də ayda 20 min manat götürülən 700 min kreditə görə banka ödəyib. Onun sözlərinə görə, Paşazadələrin sifarişi ilə Hacı Mazan onu klinikadan çıxarıb və barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Hacı Mazan ifadəsində göstərib ki, M.Həşimovdan 263 min manat və klinikada olan tibbi avadanlıqları tələb edir.

Ana səhifəXəbərlərPaşazadənin şəriki: Ölkənin dini lideri məni və ailəmi pis vəziyyətə salıb