Paşazadələrin şərikinin şikayəti təmin edilməyib

Müğdət Həşimov barəsində bəraət çıxarılmasını istəmişdi

Source:


Müğdət Həşimov barəsində bəraət çıxarılmasını istəmişdi

Bakı Apelyasiya Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvlərilə biznes ortağı olmuş Müğdət Həşimovun apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib və M.Həşimov barəsində olan hökm qüvvəsində saxlanılıb. M.Həşimov barəsində olan hökmdən verdiyi apelyasiya şikayətində bəraət hökmünün çıxarılmasını istəmişdi.

Müğdət Həşimov Paşazadələrin yaxın adamı, “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovun iddiası əsasında həbs olunub və bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Paşazadələrə məxsus “Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmir.

Apelyasiya Məhkəməsində məlum olub ki, iş üzrə zərərçəkmiş qismində tanınan Ramazan Zeynalov da hökmdən narazıdır. O da apelyasiya şikayəti verərək, Müğdət Həşimovun cəzasının artırılmasını istəyib. Məhkəmə onun da şikayətini təmin etməyib.

Müğdət Həşimov Paşazadələrlə 2012-ci il dekabrın 6-da rəsmi qaydada «Birgə fəaliyyət haqqında» müqavilə imzalayıb. Müqavilə şərtlərinə görə, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olublar. Yenə razılaşmaya əsasən, təsisçilər «Bank VTB»dən 700 min manat götürüb M.Həşimova veriblər. Həmin pulun banka qaytarılması 2018-ci ilədək Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməliydi. Kredit ödənişi başa çatandan sonra isə əldə olunan qazanc Paşazadələrlə bölünəcəkdi.

M.Həşimov deyir ki, kreditin başa çatmasına az qalmış onu həbs etdiriblər ki, vaxt tamam olanda onların qazancına şərik olmasın.

R.Zeynalov isə iddia edir ki, M.Həşimov Paşazadələrin təsisçisi olduğu klinikaya köhnə, yararsız avadanlıqlar almaqla, onları aldadıb və pulları mənimsəyib.

Ana səhifəXəbərlərPaşazadələrin şərikinin şikayəti təmin edilməyib